azturkxeber.az
http://azturkxeber.az

Yeni milli parkların yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib

15-07-2025

Yeni milli parkların yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib

Ölkə rəhbərinin təşəbbüsü ilə hazırlanmış müvafiq dövlət proqramlarının icrası, ölkəmizin beynəlxalq ekoloji öhdəliklərinin yerinə yetirilməsi və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsi məqsədilə mühüm qərar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə ölkəmizdə daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Həmin qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb və ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir.

İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13 966 hektardır.

Qeyd edək ki, Azərbaycanda Xüsüsi Mühafizə olunan Təbiət Ərazilərinin (XMOTƏ) sahəsi 892 855,78 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,31 faizini təşkil edirdi. Yeni yaranan milli parklar hesabına hazırda bu rəqəm 913 342,17 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,54 faizinə yüksəlib.

Hər iki milli parkın yaradılması həmin ərazilərin zəngin təbii və tarixi irsinin əhəmiyyətli turizm potensialına çevrilməsi ilə yanaşı, regionda məşğulluğun artmasına, yerli əhalinin rifah halının yüksəlməsinə, ekoloji maarifləndirmə yolu ilə ekosistemlərdən dayanıqlı istifadəyə əsaslanan sosial-iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031