azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil olunur

15-07-2025

Çinin Ciansu əyalətinin Sucou şəhərində “Qlobal inkişaf üçün gənclərin potensialını üzə çıxaraq” şüarı ilə Dünya Gənclər İnkişaf Forumu işə başlayıb.

Çin Gənclər Federasiyasının və Ciansu əyalət hökumətinin təşkilatçılığı, BMT-nin dəstəyi ilə keçirilən foruma 100-dən çox ölkədən və beynəlxalq təşkilatdan nümayəndələr, rəsmi şəxslər, gənc liderlər qatılırlar.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Qlobal İnkişaf Təşəbbüsü gündəliyinin həyata keçirilməsinin gənclər tərəfindən təşviqinə xidmət edən tədbirin açılış mərasimində Çin Kommunist Partiyası Ciansu əyalət katibi Sin Çansin, Çin Kommunist Gənclər Liqasının birinci katibi A Don, BMT-nin gənclərin məsələləri üzrə qrupunun sədri Nadia Raşid, BMT-nin Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier çıxış edərək forumun əhəmiyyətindən danışıblar.

Azərbaycanı forumda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti, Dünya Gənclər İnkişaf Forumu İdarə Heyətinin üzvü Aytən Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forumun plenar iclasında bir neçə ölkənin gənclər siyasətinə cavabdeh qurumların rəhbərləri ilə dialoq olub. Sonra “Dünya gənclər inkişafı-2025” Fəaliyyət Planı üzrə 100 ən yaxşı fəaliyyət seçilib.

Qeyd edək ki, iyulun 20-dək davam edəcək tədbir çərçivəsində “Yaşıl istehlak və davamlı inkişaf”, “Süni intellekt və elmi-texniki innovasiyalar”, “Mədəni irsin qorunması və davamlılığı” mövzularında forumlar, “Qlobal Gənclərin İnkişaf Proqramları üçün Akselerasiya (İnkubasiya) həftəsi” keçiriləcək. Bundan başqa, İpək Yolu Gənc Sahibkarlar Forumu təşkil olunacaq. Tədbirin məqsədi Avropa, Asiya və Afrika daxil olmaqla, tarixi İpək Yolu regionlarından olan gənc sahibkarların bir araya gətirilməsi, onların bilik və təcrübələrinin paylaşılması, İpək Yolu Gənc Sahibkarlar Şəbəkəsinin formalaşdırılması və əməkdaşlığın gücləndirilməsidir. Forum innovasiya, davamlı inkişaf və startap təşəbbüslərinin təşviqinə yönəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031