Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ADA Universitetində “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasında iştirak edən dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib.
Dövlət Komitəsindən bildirilib ki, seminarın məqsədi azad edilmiş ərazilərə Qayıdış prosesində vətəndaş iştirakçılığının təşkilinə və gücləndirilməsinə dair praktiki bilik və təcrübələrin paylaşılması olub.
Qarşılıqlı fikir mübadiləsinin aparıldığı seminarda Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən “Böyük Qayıdış”ın ölkəmizin tarixində önəmli hadisə olduğu, doğma yurda geri dönən həmvətənlərimizin təhlükəsiz yaşayışı və iqtisadi fəaliyyətə inteqrasiya üçün zəruri iş aparıldığı bildirilib.
Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev çıxışında qeyd edib ki, keçmiş məcburi köçkünlərin yeni mühitə uyğunlaşmasının asanlaşdırılması, texniki və peşə bacarıqlarının artırılması, gəlir gətirən fəaliyyətlərə cəlb olunmaları və vətəndaş iştirakçılığının gücləndirilməsi məqsədilə ardıcıl və planlı tədbirlər həyata keçirilir. Bu çərçivədə məşğulluq imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təmin olunması və dayanıqlı inkişaf məqsədlərinin sosial-iqtisadi aspektlərinin gücləndirilməsi Komitənin əsas prioritetləri sırasındadır.
İnteraktiv formada keçirilən seminarda beynəlxalq və yerli təcrübələri müzakirə olunub. Eyni zamanda, “Böyük Qayıdış” çərçivəsində görülən işlərin səmərəliliyinin artırılması üçün dövlət qurumları arasında koordinasiyanın əhəmiyyəti vurğulanıb.
Tədbir iştirakçıları bu cür seminarların bilik və bacarıqların artırılmasında əhəmiyyətli olduğunu qeyd edərək, gələcəkdə də bu kimi maarifləndirici təşəbbüslərin davamlı olmasının vacibliyini bildiriblər.
Seminarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Peşə Təhsili Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvləri iştirak ediblər.