azturkxeber.az
http://azturkxeber.az

Abu-Dabi Görüşü: Azərbaycan-Ermənistan Dialoqunda Yeni Səhifə -KAMİLƏ ƏLİYEVA

11-07-2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında Abu-Dabidə baş tutan görüşü tarixi bir hadisə kimi qiymətləndirmək olar və bu görüş iki dövlət arasında tam formatlı dialoq kimi xarakterizə edilir. Azərbaycan və Ermənistan liderləri arasında əvvəlki görüşlər müxtəlif platformalarda başqa dövlətlərin liderlərinin iştirakı ilə və ya Xarici İşlər Nazirləri səviyyəsində keçirilirdi.

Prezident cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması heç bir vasitəçi ölkə olmadan həyata keçirilməlidir. Bu dəfəki görüşün formatı və yeri də Prezidentimiz tərəfindən irəli sürülmüşdür.

Sirr deyil ki, bir sıra dövlətlər və qüvvələr ikitərəfli dialoqun baş tutmasına maneələr törədirdilər. Artıq Ermənistan rəhbərliyi də reallığı qəbul edir və başa düşür ki, Azərbaycan dövlətinin irəli sürdüyü təkliflər regionda sülhün, əmin-amanlığın yaranmasına xidmət edir. Ermənistan dövlətinin də müstəqil yaşaması və inkişaf etməsi Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamasından asılıdır.

Abu-Dabi görüşünün vacib məqamlarından biri də ondan ibarətdir ki, hər iki tərəf bu danışıqları konstruktiv adlandırır və bir sıra məsələlərdə fikirlərin üst-üstə düşməsinin şahidi olduq. Bu da onu deməyə əsas verir ki, Ermənistan dövləti də artıq iki dövlət arasında sülh müqaviləsinin bağlanmasına təşəbbüs göstərir. Əlbəttə, Azərbaycanın iki əsas - Minsk qrupunun ləğvi ilə əlaqədar hər iki dövlətin müraciəti və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddiasının olmaması şərtləri yerinə yetirilməlidir. Beş saata yaxın davam edən görüşlərdə sərhədlərin delimitasiya və demorkasiya məsələləri əsas mövzulardan biri olaraq müzakirə olundu və bu istiqamətdə birgə ikitərəfli görüşlərin keçirilməsi barədə razılıq əldə olundu. Digər vacib bir məsələ olan bütün nəqliyyat- kommunikasiya xətlərinin açılması barədə də danışıqlar bərpa ediləcək. Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılması hər iki dövlətin maraqlarına xidmət edir. Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqələri yaranacaq və Avropa ilə Asiyanı birləşdirən bu dəhlizin işə düşməsi hər iki dövlətin iqtisadiyyatına böyük gəlirlər gətirəcək. Zəngəzur dəhlizinin açılması Ermənistan üçün bir həyat qapısı olacaq. Bu gün iqtisadiyyatı ağır durumda olan Ermənistanın iqtisadi vəziyyəti dirçələ bilər.

Abu-Dabi görüşündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin yaydıqları bəyanatların oxşar olması sübut edir ki, sülh sazişinin imzalanması üçün böyük tarixi şərait yaranmışdır. Güman edirəm ki, Ermənistanın siyasi rəhbərliyi bu tarixi şəraiti düzgün qiymətləndirəcək və sona qədər konstruktiv mövqe nümayiş etdirəcək.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031