azturkxeber.az
http://azturkxeber.az

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib

10-07-2025

Şuşa Dövlət Musiqili Dram Teatrında Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətilə müəllifin qələmə aldığı “Ümid işığı” pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirilib.

Birhissəli tamaşanın nümayişindən əvvəl çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Əsəd Cahangir səhnə əsəri ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, “Ümid işığı” müəllifin dramaturgiya sahəsində ilk cəhdidir və bu əsərin dramatik quruluşu, dolğun obrazları və sosial konfliktləri təbii və uğurlu şəkildə təqdim edilib.

“Əsərdə hər bir insanın həyatdakı “ümid payı”, bu ümidin arxasınca gedənlərin yaşadığı daxili ziddiyyətlər və həyata bağlılıq hissləri poeziya ilə dolu dillə təqdim olunur. Tamaşanın sonunda isə klassik sonluqdan fərqli olaraq, final açıq və sual işarəsi ilə bitir, tamaşaçını düşünməyə vadar edir”, - deyə Əsəd Cahangir əlavə edib.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Nazir Rüstəmov əsərin gənclərə və cəmiyyətə dəyərli mesajlar ötürdüyünü vurğulayıb.

Müəllif Zemfira Məhərrəmli qeyd edib ki, əsər yalnız bir dramaturji təcrübə deyil, eyni zamanda, onun illərlə qəlbində yetişdirdiyi duyğuların, düşüncələrin və həyat fəlsəfəsinin poetik ifadəsidir.

Lirik-psixoloji dram janrında hazırlanan əsər gənclərin həyatda qarşılaşdıqları çətinlikləri, məhəbbəti və sosial maneələrlə mübarizələri əks etdirir. Tamaşa gənclərin duyğularını, cəmiyyətlə münasibətlərini və arzulara doğru gedən yollarını bədii şəkildə təqdim edir.

“Ümid işığı”nda əsas obrazları Zəhra Salayeva, Sürahi Əliməmmədova, Emin Sevdiməliyev və Cavidan Kəsəmənli canlandırıb. Səhnə əsərinin quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azər Məmmədovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031