azturkxeber.az
http://azturkxeber.az

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir

08-07-2025

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyası öz işinə başlayıb.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, BMMT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi sessiya iki gün davam edəcək.

İyulun 8-də BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının rəsmi açılış mərasimi olub.

BMMT-nin himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sessiyada çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən ölkəmizin son illər bir çox beynəlxalq səviyyəli nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini, BMMT-nin İcraiyyə Şurasının sessiyasının belə mötəbər tədbirlərdən olduğunu qeyd edib. Nazir ölkəmizin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirirək, BMMT-nin fəlakətlərlə mübarizədə qlobal və əlaqələndirilmiş fəaliyyətin təşkili baxımından əhəmiyyətini vurğulayıb. Ölkəmizdə son illər fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ümumi məlumat verən nazir sessiyanın işinə uğurlar arzulayıb.

Çıxış edən Təşkilatın İcraiyyə Şurasının prezidenti, Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Aleksandr Kurenkov və BMMT-nin Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin sessiyanın əhəmiyyətindən və qarşısında duran məsələlərdən danışıblar.

Sonra İcraiyyə Şurasının 57-ci sessiyasının qərarlarının icrasına baxış və Baş katibin səlahiyyətlərini icra edən Roman Lapinin sessiyalararası dövrdə BMMT-nin fəaliyyəti haqqında hesabatı dinlənilib.

Qeyd edək ki, ikigünlük sessiyada ümumilikdə təşkilatın maliyyə və inzibati hesabatlarının, İnkişaf Strategiyasının təqdimatı əsasında ortamüddətli inkişaf prioritetləri, məqsədləri və fəaliyyət sahələrinin, beynəlxalq əməkdaşlığı gücləndirmək üçün tədbirlər planının müzakirəsinin aparılması, müvafiq qərarların qəbul olunması, o cümlədən 2027-ci il Ümumdünya Mülki Müdafiə Gününün mövzusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031