azturkxeber.az
http://azturkxeber.az

Bahar Muradova “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda çıxış edib

08-07-2025

"Həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm icra mexanizmlərinin formalaşdırılması, həm də mətbuat işçiləri üçün yaradılan əlverişli şərait baxımından Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf səviyyəsinə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə çatmışdır.”

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans çərçivəsində təşkil olunan “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” panel sessiyasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin media sahəsində həyata keçirdiyi islahatlar azad və peşəkar medianın formalaşmasında mühüm rol oynayıb. Ulu öndər mətbuat nümayəndələrinə daim xüsusi diqqət və qayğı ilə yanaşırdı. Onun mətbuata münasibəti hər zaman aydın, qəti və ictimaiyyətə açıq idi. Heydər Əliyev mətbuatın azad, obyektiv, məsuliyyətli və peşəkar fəaliyyət göstərməsini ölkənin demokratik inkişafının əsas şərtlərindən biri kimi dəyərləndirirdi.

Komitə sədri qeyd edib ki, cəmiyyət inkişaf etdikcə, mətbuat sahəsində də tərəqqi özünü göstərir.

Demokratik dünyanın və demokratik düşüncəli insanların kəşf etdiyi və arxasında dayandığı ən önəmli nailiyyətlərdən biri mətbuatdır. Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, əgər müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan,müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir.

B. Muradova diqqətə çatdırıb ki, Heydər Əliyev milli kimliyin qorunmasında ailə dəyərlərinin mühüm rol oynadığını xüsusi vurğulayırdı. O, Azərbaycan ailə dəyərlərinə böyük önəm verir, ailəni cəmiyyətin, dövlətin və xalqın əsas nüvəsi hesab edirdi. Ulu öndərin fikrincə, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində medianın üzərinə böyük məsuliyyət düşür. Bu səbəbdən də Heydər Əliyev jurnalistlərə yalnız informasiya ötürən deyil, eyni zamanda ailə dəyərlərinin təbliğatçısı, daşıyıcısı və qoruyucusu olmağı tövsiyə edirdi.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan panel sessiyada Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və əməkdar jurnalist Vüqar Rəhimzadə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi inkişaf yoluna verdiyi töhfələr, söz və ifadə azadlığının təmin olunması, eləcə də media nümayəndələrinin peşəkarlığının artırıması sahəsində göstərdiyi müstəsna xidmətlərini diqqətə çatdırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031