azturkxeber.az
http://azturkxeber.az

Bakıda keçirilmiş "UFC Fight Night" turnirinin qalibi Tbilisidə azərbaycanlı idmançılarla görüşüb

05-07-2025

İyunun 23-də Bakıda keçirilmiş "UFC Fight Night" turnirində rəqibini nokautla məğlub edərək çempion titulunu qazanan Nazim Sadıxov Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı və gürcü idmançılarla görüş keçirib.

Görüş yeddiqat dünya və üçqat Avropa çempionu olan idmançı Alim Nəbiyevin təşəbbüsü ilə baş tutub.

Alim Nəbiyev bildirib ki, əsas məqsəd gənclərin idmana marağını daha da artırmaq, onları yarışlara və qələbəyə ruhlandırmaq, ən əsası onlara dəstək olmaqdır. İdmançı tədbir çərçivəsində gənclərlə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və şəxsi təcrübəsini bölüşüb.

Nazim Sadıxov AZƏRTAC-a müsahibəsində deyib ki, Tbilisiyə ilk dəfədir ki, gəlir. Səfərin məqsədi gənclərə motivasiya vermək, gənclərin idmana, qələbəyə inamını artırmaqdır: “Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar arasında dünya və Avropa çempionu, eləcə də digər beynəlxalq turnirlərdə qələbə qazanmış idmançılar var. Yeniyetmə və gənclər arasında da idmana marağı olan soydaşlarımız çoxdur. Məqsədimiz onları daha da ruhlandırmaq, gələcək qələbələrə həvəsləndirməkdir.”

O, Gürcüstanda yaşayan yeniyetmə və gənclərin idmana olan marağını yüksək qiymətləndirib.

Görüş çərçivəsində birgəməşq təlimi də təşkil olunub, fərqlənən gənc idmançılara dəbilqə və digər idman aksesuarları hədiyyə olunub.

Görüşdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov qeyd edib ki, bu cür görüşlər gənc idmançılar üçün böyük arenalarda uğur qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. O, idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Nazim Sadıxov hazırda UFC-də çıxış edən ilk azərbaycanlı döyüşçülərdən biridir və beynəlxalq arenada uğurla çıxış edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031