Bahar Muradova UNESCAP-ın icraçı katibi ilə görüşüb
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.
Görüşdə növbəti ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, BMT missiyasına verdiyi töhfələr, xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb.
Tərəflər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də iqlim dəyişikliyi, qadın və uşaq məsələlərinə dair ortaq layihələrin icrası perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.