AÇILIŞ NİTQİ
Dəyərli Simpozium iştirakçıları, xanımlar və cənablar!
Sizi “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusuna həsr olunmuş Ombudsmanların Beynəlxalq Simpoziumunda salamlayır, Simpoziumun işinə uğurlar arzulayıram.
18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gündə “Qanunun aliliyinin gücləndirilməsi” kimi qlobal əhəmiyyətli mövzu ətrafında bir araya gəlməyimiz, insan hüquqlarının müdafiəsi sahəsində qətiyyətimizi və birgə səylərə dəstəyimizi nümayiş etdirir. Əminəm ki, bu beynəlxalq platforma qanunun aliliyi və insan hüquqlarının müdafiəsi məsələlərinin müzakirəsi, gələcək perspektivlərin dəyərləndirilməsi və təcrübə mübadiləsi baxımından faydalı olacaqdır.
İlk olaraq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təminatçısı, uzun illər ərzində işğal altında olmuş torpaqlarımızın azad edilməsində və əzəli yurdlarından didərgin düşmüş soydaşlarımızın fundamental hüquqlarının bərpa olunmasında, bununla da BMT Təhlükəsizlik Şurasının icra edilməmiş qətnamələrinin həyata keçirilməsində misilsiz tarixi xidmətləri olan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Beynəlxalq Simpoziumun iştirakçılarına ünvanladığı müraciətə və insan hüquqlarının inkişafına davamlı dəstəyinə görə təşəkkürümü bildirirəm. Cənab Prezidentin dəyərli fikirləri, çağırışları və tövsiyələri insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində fəaliyyətimizin gələcək istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Məlum olduğu kimi, Azərbaycanın müstəqil dövlət kimi formalaşması, inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər görkəmli ictimai-siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Onun müəllifi olduğu, ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında bəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edən hüquqi və dünyəvi dövlətin qurulmasıdır.
Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyada insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, habelə bu ali məqsədin həyata keçirilməsində məsul olan, konstitusion statusa malik Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür.
Konstitusiyanın əsas məqsədlərindən biri də dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Bu amillər demokratik dövlətin mövcudluğunun və institusional davamlılığının, onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərtləri kimi çıxış edir.
Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ildən çox işğal altında olan torpaqlarımız azad edildi, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa edildi, bölgədə sülh və sabitlik təmin olundu. Bu tarixi qələbə Azərbaycanı daha güclü və nüfuzlu bir dövlətə çevirdi, ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasına və qlobal problemlərin müzakirə olunduğu bir məkana çevrilməsinə geniş imkanlar yaratdı.
Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü münasibətilə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilmiş bugünkü Beynəlxalq Simpozium qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliği və təşviqi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır.
Hörmətli simpozium iştirakçıları,
Müasir dövrdə qloballaşma, texnoloji inkişaf, miqrasiya problemləri, silahlı münaqişələr, iqlim dəyişmələri və digər qlobal proseslər insan hüquqları sahəsində həm milli, həm də beynəlxalq səviyyədə əməkdaşlığın dərinləşdirilməsini, birgə səylərin gücləndirilməsini şərtləndirir. Bundan irəli gələrək, qanunun aliliyinin təminatçısı kimi ombudsman və milli insan hüquqları təsisatlarının rolu əhəmiyyətli dərəcədə artır. Xüsusilə də münaqişə və postmünaqişə dövründə bu təsisatların fəaliyyəti olduqca vacibdir.
Qeyd etmək istərdim ki, ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkməkdədir. İşğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur.
Bu baxımdan, münaqişə və postmünaqişə dövründə insan hüquq və azadlıqlarının müdafiəsi, münaqişədən zərər çəkmiş şəxslərin hüquqlarının təmin olunması vəziyyəti, habelə təbii resursların talan edilməsi və mina problemi barədə tərəfimizdən beynəlxalq ictimaiyyətin məlumatlandırılması üzrə həyata keçirdiyimiz fəaliyyəti xüsusi vurğulamaq istərdim.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Sülh, ədalət və səmərəli institutlar” adlı 16-cı məqsədində qanunun aliliyinin təmin edilməsi, ayrı-seçkiliyə yol verməyən qanunların və siyasətlərin təşviqi əsas hədəflər sırasında yer alır. Qeyd olunan kontekstdə də, ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu təsisatlar yalnız hüquq pozuntularının araşdırılmasında deyil, həm də qanunun aliliyinin təşviqi, hüquqi maarifləndirmə və hüquq mədəniyyətinin gücləndirilməsi istiqamətində preventiv və sistemli fəaliyyətləri ilə mühüm rol oynayırlar.
Qeyd edim ki, Konstitusiya Qanununa edilən son dəyişikliyə əsasən Azərbaycan Ombudsmanın bərabərlik hüququnun, uşaq hüquqlarının və əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyası təsbit olunmuşdur ki, bu da insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və birgə əməkdaşlığımız üçün yeni imkanlar yaradır.
Qanunun aliliyinin təmin edilməsinin əsas elementlərindən biri də qanunvericiliyin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsidir. Xüsusilə də rəqəmsal texnologiyaların sürətlə inkişafı bu sahədə milli insan hüquqları təsisatlarının rolunu aktual edir. Qeyd edim ki, Ombudsman təsisatı olaraq qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir, normativ hüquqi akt layihələrinə dair tərəfimizdən rəy və təkliflər verilir, habelə qanunların qəbul edilməsi, ləğv edilməsi və ya onlarda dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə təkliflər təqdim olunur.
Qanunun aliliyinin təmin edilməsində digər vacib amil normativ hüquqi aktların icrasına nəzarətin effektiv təşkilidir. Müsbət təcrübə olaraq bildirirəm ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində tərəfimizdən informasiya əldə etmək hüququnun təmin edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş müddətdə informasiya sorğularının cavablandırılması üzrə zəruri tədbirlər görülməkdədir.
Ombudsman və milli insan hüquqları təsisatlarının məhkəmə orqanları ilə əməkdaşlığı qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verir. Bu əməkdaşlıq, hüquqi problemlərin sistemli şəkildə aşkarlanmasına, hüquq və azadlıqların müdafiəsi üzrə preventiv və effektiv tədbirlərin görülməsinə şərait yaradır, insan hüquqlarının institusional müdafiəsini gücləndirir. Konstitusiya Məhkəməsi ilə əməkdaşlığımız öz növbəsində qanunun aliliyinin təmin edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə və hüquq müdafiə mexanizmlərinin effektivliyinin artırılmasına xidmət edir.
Qeyd olunanlarla yanaşı, ombudsman və milli insan hüquqları institutlarının beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti insan hüquq və azadlıqlarının müdafiəsində qlobal yanaşmaların formalaşdırılması, beynəlxalq normaların təkmilləşdirilməsi və bununla da insan hüquq və azadlıqlarının müdafiəsində effektivliyin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda bir daha vurğulamaq istərdim ki, qanunun aliliyinin təmin olunması insan hüquq və azadlıqlarının müdafiəsinin təməl şərtlərindəndir. Ombudsman və milli insan hüquqları təsisatları olaraq bizim üzərimizə düşən əsas vəzifə mandat çərçivəsində qanunların aliliyinin təmin edilməsinə, ictimai etimadın möhkəmləndirilməsinə və beynəlxalq tələblərə əsaslanan hüquq mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Çıxışımı yekunlaşdıraraq, bir daha Simpoziumun işinə uğurlar arzulayır, Sizi qurumlarımız arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətimizin təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinə dəvət edirəm.
Diqqətinizə görə təşəkkür edirəm!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.