Komitə sədri: Son 5 ildə büdcə xərcləri 11,3 milyard manat və ya 43 faiz artıb
Son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir. Müqayisə üçün qeyd edək ki, 2020-2024-cü illəri əhatə edən son 5 ildə büdcə xərcləri 11,3 milyard manat və ya 43 faiz artıb.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 3-də parlamentin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Komitə sədri bildirib ki, sosial və investisiyayönümlü xərclərin uzlaşdırılması və bir-birini tamamlaması icra edilmiş büdcənin əsas cəhətlərindəndir. Büdcə məxaricinin 56,6 faizinin cari, 40 faizinin isə əsaslı xərclərdən ibarət olması bunu bir daha təsdiq edir.
“Müzakirə etdiyimiz büdcənin digər bir xüsusiyyəti onun dayanıqlıq meyarlarına əsasən cavab verməsidir. Belə ki, ötən il cari xərclərin 90,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb”, - deyə A.Əmiraslanov qeyd edib.