Nazir: Əsas hədəf dövlət büdcəsinin cari xərclərinin tamamilə qeyri-neft mənbələri hesabına maliyyələşdirilməsidir
Ötən il üzrə dövlət büdcəsinin cari xərcləri ümumilikdə 21,3 milyard manat təşkil edib ki, bunun da 90 faizi, yəni 19,2 milyard manatı qeyri-neft və qaz sektorundan əldə edilən gəlirlər hesabına qarşılanıb. Bu göstərici büdcə siyasətində şaxələndirmənin və fiskal dayanıqlığın gücləndirilməsində mühüm mərhələdir.
Azturkxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası zamanı Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, maliyyə sabitliyini təmin etmək üçün əsas hədəf dövlət büdcəsinin cari xərclərinin tamamilə qeyri-neft mənbələri hesabına maliyyələşdirilməsidir.
“2024-cü ildə bu göstərici artıq 90 faizə çatıb. 2026-cı il və onu izləyən üç ilin büdcə layihələrini hazırlayarkən bu istiqamətdə irəliləyişin davam etdirilməsi qarşıya məqsəd kimi qoyulacaq. Yaxın illərdə cari xərclərin 100 faizinin qeyri-neft sektorundan əldə edilən gəlirlər hesabına qarşılanması əsas fiskal prioritetlərdən biri olacaq. Bu yanaşma Azərbaycanın büdcə siyasətində davamlılığın və sabit maliyyə strukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə maliyyə naziri qeyd edib.