İstanbulda VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalına start verilib.
Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan və bu il ümumilikdə 35 ölkənin iştirak etdiyi festivalda ənənəvi idman növləri və oyunlar, ənənəvi incəsənət, qastronomiya və səhnə sənətləri kimi bir çox mövzu üzrə tədbirlər təşkil olunub.
Ölkəmiz festivalda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin yüz nəfərdən artıq nümayəndə heyəti, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan çadırı və 20 Qarabağ atı ilə təmsil olunur.
Mayın 25-dək davam edəcək festivalda Qarabağ atlarının ümumilikdə 6 çıxışı nəzərdə tutulur.
Tədbirin keçirildiyi Atatürk Hava Limanının ərazisində qurulan çadırımızda Azərbaycanın milli dəyərlərini təmsil edən əşyalar, o cümlədən xalçalar, nəşrlər, kəlağayılar nümayiş etdirilir. Qonaqların böyük marağına səbəb olan Azərbaycan çadırını tədbirin ilk günü mindən artıq insan ziyarət edib.
ARAF-ın prezidenti Elçin Quliyevin də iştirak etdiyi tədbirdə eyni zamanda Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Qrupunun ifasında milli rəqslərimiz nümayiş olunur.
Qeyd edək ki, türkdilli xalqlara aid atçılıq, oxatma, güləş kimi milli idman növlərinin nümayiş etdirildiyi festivalda hər il fərqli coğrafiyaların özünəməxsus oyunları tanıdılır. 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalın builki “Ənənə ailədən başlayır” mövzusu Türkiyədə 2025-ci ilin “Ailə ili” elan etməsini əks etdirir. Bu məqsədlə ailələri birliyə təşviq etmək üçün bu il festival çərçivəsində ilk dəfə “Ailə çadırı” qurulub, xüsusi seminarlar, ənənəvi oyunlar və ailə fəaliyyətləri təşkil edilib.
Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan tədbir haqqında danışaraq bu festivalı təkcə bir idman tədbiri deyil, mədəniyyətin canlanması kimi qiymətləndirib.
Bildirilib ki, 2015-ci ildə Qırğızıstanda fəaliyyətə başladıqdan bəri etnoidman regional səydən beynəlxalq hərəkata çevrilib. Konfederasiya bu gün 42 ölkədən 27 üzv qrupu əhatə edir və tezliklə 60 ölkəyə çatmağı hədəfləyir.
O, rəhbərlik etdiyi qurumun əsas məqsədinin ənənələri qorumaq və gələcək nəsillərə ötürmək olduğunu vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
”ARAF” kuboku uğrunda konkur yarışları keçirilmişdir