Azərbaycan və Avropa: İki tərəfli əlaqələrin yeni dönəmi -KAMİLƏ ƏLİYEVA
Prezident cənab İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısına dəvəti ölkəmizin Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir.
Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra bir sıra Avropa dövlətləri və siyasətçiləri ölkəmizin beynəlxalq hüquqa söykənən bu hərəkətini həzm edə bilmirdilər. Ölkə başçımız çıxışlarında qeyd edirdi ki, vaxt gələcək Azərbaycana qarşı olan dövlətlər və siyasətçilər peşman olacaq. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşə can atan bu siyasətçilərin, dövlət başçılarının peşmançılığını müşahidə etdik. Başda Fransa olmaqla əvvəllər Azərbaycana qarşı olan dövlətlər artıq Prezident cənab İlham Əliyevin Cənubi Qafqaz regionunda yaratmış olduğu reallığı gəbul edir, müstəqil siyasət yürüdə bilməyən, böhran içərisində olan Ermənistana görə Azərbaycanla iqtisadi, siyasi əlaqələri korlamaq istəmirlər. Fransa Prezidenti Makronun qeyri-rəsmi görüşdə Prezident cənab İlham Əliyev ilə səmimi münasibət qurmağa çalışması bunun əyani sübutudur. Prezident cənab İlham Əliyev Qərbin Azərbaycana qarşı yürütdüyü siyasətin yanlış olduğunu Avropalı siyasətçilərə sübut etmiş oldu. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olmaqla yanaşı Avropa ilə Asiya arasında komunikasiya yaradan, birləşdirən bir dövlətdir. Artıq Avropa İttifaqı Azərbaycanı Avropa üçün önəmli və güclü bir ölkə olduğunu qəbul edir. Bu ilin əvvəllərindən başlayaraq Avropa İttifaqı Azərbaycanla münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi istiqamətində addımlar atmağa başladı. Yanvar ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Prezident cənab İlham Əliyevə zəng edərək Avropa İttifaqı ilə Azərbaycan arasında bir çox məsələlərdə münasibətlərin möhkəmləndirilməsi haqqında müzakirələr apardı. Aprel ayında isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kollas Azərbaycana səfər etdi və Prezident cənab İlham Əliyev ilə görüşdü. Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında Prezident cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta ilə görüşdü və bu görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak etdi. Hər iki siyasətçi Azərbaycanın Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş bir ölkə olduğunu vurğuladı. Ümumiyyətlə bu Zirvə görüşündə Prezident cənab İlham Əliyevin yüksək səviyyədə qarşılanması Avropa dövlət başçılarının və Avropa İttifaqının rəhbər şəxslərinin ölkə başçımızla görüşməyə böyük səy göstərməsi Azərbaycan dövlətinə və ölkəmizin başçısı cənab İlham Əliyevə olan böyük hörmət və
ehtiramının nümunəsidir.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri,
professor