Azərbaycanın səhiyyə naziri Şanxay Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin VIII iclasında çıxış edib
Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyə nazirlərinin VIII iclası keçirilir.
Beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komissiyasının naziri Ley Hayçao tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, builki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrində fəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirə olunacaq.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında ŞƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin VIII iclasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Nazir 3 iyul 2024-cü iltarixində Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu xatırladıb: “Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində vurğulayıb ki, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”.