İşğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlər həyata keçirilir
İşğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir.
Təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.
Stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.