azturkxeber.az
http://azturkxeber.az

Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib

23-04-2025


23 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün "Audivizual mediada uşaq hüquqları" mövzusunda seminar-təlim təşkil edib.

Əvvəlcə BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova çıxış edib, Audiovizual Şura ilə üç ildir davam edən qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb. O, bildirib ki, təlim-seminarların təşkili tələbələrin praktiki biliklərinin inkişaf etdirilməsi, seçdikləri peşənin sirrlərinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev mediada uşaqların qorunması istiqamətində Şuranın son illər gördüyü işlər, keçirdiyi tədbirlər, o cümlədən, bu yaxınlarda Bakıda təşkil edilmiş "Media xidmətlərində uşaqların qorunması" mövzusuna həsr edilmiş Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısı barədə ətraflı məlumat verib. Taleh Quliyev Şura tərəfindən Azərbaycan və ingilis dillərində nəşr etdirilən “Audiovizual mediada uşaq hüquqlarının qorunması” adlı kitabçalar, həmçinin televiziya və radio yayımçıları üçün Şuranın təşkil etdiyi maarifləndirici tədbirlər haqqında danışıb.
Seminarın növbəti mərhələsində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Mediada uşaq hüquqlarının qorunması" mövzusunda geniş təqdimat edib. Ayxan Sadıqlı tələbələrə audiovizual media subyektləri və onlarının fəaliyyətində uşaq hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin tələbləri və icra mexanizmləri ilə bağlı ətraflı məlumat verib. O, həmçinin dövlətin uşaq siyasəti, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması haqqında danışıb.

İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran sualların cavablandırılması və real hadisələr-nümunələrin izahı ilə davam edib. "Audiovizual mediada uşaq hüquqlarının qorunması" adlı kitabçalar jurnalistika fakultəsinin kitabxanasına hədiyyə edilib.

Qeyd edək ki, BDU-da mütəmadi olaraq təşkil edilən seminarlar Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930