“Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” mövzusunda konfrans keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə 23 aprel 2025-ci il tarixində “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycanın sürətli inkişaf yolundan danışıb və ölkəmizin hər sahədə yüksək göstəricilərinin olduğunu bildirib. O, əlavə edib ki, bu yeni dövlət idarəçilik texnologiyalarının tətbiqinin nəticəsidir.
Konfrans iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dünyada gedən proseslərin çətinliklərinə daha çox məruz qalan ailənin mənafeyi, maraqları və problemlərinin aradan qaldırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və bələdiyyələrin bu sahədə rolunun artırılmasının vacibliyi, icmaların bu sahədə əhəmiyyətini qeyd edib.
Çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qeyd edib ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün çoxsaylı sərəncamlar imzalanıb və qanunvericilik istiqamətində atılan addımlar öz müsbət təsirini göstərməkdədir.
Daha sonra Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehdi Abdullayev, Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri İsaxan Vəliyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova çıxış edib.
Konfransın sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Əlaqələndirici koordinatoru Aydın Muradov tərəfindən Anlaşma Memorandumu imzalanacaqdır.
Memorandum ailə və gender məsələlərinin dövlət siyasətinin prioritetlərindən olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinə və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Nizamnaməsinə uyğun olaraq, tərəflər arasında növbəti 3 il ərzində birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyəcəkdir.