"Bakı şəhər Pirallahı rayon prokurorluğunun yeni inzibati binası: Baş prokuror Kamran Əliyev önəmli məsələlərə toxunub"
Aprelin 18-də Baş prokuror Kamran Əliyevin iştirakı ilə Bakı şəhər Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Tədbirdə Baş Prokurorluğun rəhbər şəxsləri, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə inzibati binada yerləşən Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub, ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra iştirakçılar yeni inzibati binada yaradılan müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş rahat və funksional infrastrukturla tanış olublar.
Baş prokuror Kamran Əliyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı, hüquq-mühafizə sisteminin inkişafı istiqamətində atılan mühüm addımların bariz nümunəsidir.
Yeni inzibati binanın istifadəyə verilməsi də məhz dövlətimizin başçısının bu sahəyə olan xüsusi münasibətinin və dəstəyinin nəticəsidir.
Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür.
Məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir.
İstifadəyə verilən yeni inzibati bina isə həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək.
İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.
İclasda çıxış edən Kamran Əliyev Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının istifadəyə verilməsinin hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, prokurorluq əməkdaşlarına göstərilən yüksək etimadı doğrultmaq üçün vətəndaşlara nümunəvi hüquqi xidmət göstərilməsinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonda hüquq-mühafizə orqanları ilə yerli icra strukturları arasında səmərəli əməkdaşlıqdan bəhs edib, yeni inzibati binanın istifadəyə verilməsini Pirallahıda dövlət qurumlarının fəaliyyət səmərəliliyinin artırılması istiqamətində atılmış daha bir uğurlu addım kimi dəyərləndirib.
Pirallahı rayon prokuroru Zaur Axundzadə çıxış edərək rayonda qanunçuluğun möhkəmləndirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması və hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, yaradılan müasir iş şəraitinə görə ölkə rəhbərliyinə və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığını bildirib.
Baş prokuror kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda tədbir iştirakçılarının xatirə fotoşəkli çəkilib.