azturkxeber.az
http://azturkxeber.az

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib

12-04-2025

Aprelin 12-də IV Antalya Diplomatiya Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstel arasında görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə xalqlarımız arasında münasibətlərin tarixi ənənələrə, ortaq dəyərlərə, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son illərdə sıx təmasların olduğu qeyd edilərək müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğu bildirilib.

Görüş əsnasında Azərbaycan Prezidenti İlham Əliyevin mənəvi-siyasi dəstəyinin Şimali Kipr Türk Cümhuriyyəti üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin hər iki ölkə üçün mühüm prioritet olduğu bildirilərək bu xüsusda həyata keçirilən fəaliyyətin əhəmiyyəti qeyd olunub.

2023-cü ilin noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının önəmi qeyd edilərək qarşıda duran vəzifələrin indiyədək uğurla icra olunduğu bildirilib, bundan sonra da məqsədyönlü birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti nəzərə çatdırılıb.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun da iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930