Səhiyyə sahəsində səylərin birləşdirilməsi TDT ölkələrinin diqqət mərkəzindədir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri Qazaxıstanın Baş naziri Olcas Bektenovla görüşüblər.
Görüşdə TDT səhiyyə nazirlərinin 5-ci toplantısının yekunlarına dair Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova məruzə ilə çıxış edib.
Görüş zamanı səhiyyə sahəsində qlobal çağırışlara cavab olaraq TDT-yə üzv dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyi vurğulanıb. Baş nazir qeyd edib ki, yalnız koordinasiyalı fəaliyyət və sıx tərəfdaşlıq əhalinin sağlamlığına qarşı olan kütləvi təhdidlərə səmərəli reaksiya verməyə imkan yaradır.
Tərəfdaş ölkələrin səhiyyə nazirləri çıxışlarında Qazaxıstanın tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahəsində əldə etdiyi nailiyyətləri qeyd ediblər.
Növbəti iki il ərzində əməkdaşlığın möhkəmləndirilməsinin əsas istiqamətləri kimi ilkin tibbi-sanitariya yardımının inkişafı, fövqəladə hallarda tibbi xidmətin göstərilməsi, vərəm və digər xəstəliklərlə mübarizə, farmakologiya sahəsində əməkdaşlıq və digər məsələlər müəyyən olunub.