azturkxeber.az
http://azturkxeber.az

Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək

09-04-2025

2-4 may 2025-ci il tarixlərində İçərişəhərdə Beynəlxalq Xalça Festivalı baş tutacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.
Festival 2 may tarixində Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça sənayesinin aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək. Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.
3-4 may tarixlərində festival İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.
Qeyd edək ki, Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.
Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, interaktiv tədbirlər, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.
3 gün davam edəcək xalça bayramında iştirak etmək istəyən hər kəs Festival haqqında daha geniş məlumatı bakucarpetfest.az saytından əldə edə bilər. Bütün suallar isə info@bakucarpetfest.az ünvanına yönləndirilə bilər.
Xalça sənətinin zəngin ənənəsini birlikdə yaşatmaq və dünyaya tanıtmaq üçün hər kəsi İçərişəhərə dəvət edirik!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930