Türkiyəli professor: Beynəlxalq Təlim Aylığı NDU-nun vizyonunu göstərən layihədir
Beynəlxalq Təlim Aylığı çərçivəsində bu gün tələbələrə ürək-damar cərrahiyyəsində icra olunan əməliyyatların təməl qaydaları, təkmilləşməsi və gələcəkdə necə olacağı haqqında məlumat verdim. Robotik ürək cərrahiyyəsində əməliyyatlar və onların şərtləri barədə bilgilər bölüşdüm. Burada əsas məqsədimiz onları gələcəyə hazırlaya bilməkdir. Çünki bu tələbələr sabahın həkimləridir və bizim gələcəyimiz onlara əmanətdir. Yaxşı bir gələcək istəyiriksə, bu tələbələri həm nəzəri, həm də praktiki cəhətdən çox yaxşı hazırlamalıyıq.
Bu sözləri Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən genişmiqyaslı Beynəlxalq Təlim Aylığı proqramının açılış tədbirindən sonra jurnalistlərə müsahibəsində Türkiyənin Acıbadem Xəstəxanasının Ürək-Damar Klinikasının qurucusu professor Cem Alhan deyib.
Professor qeyd edib ki, Beynəlxalq Təlim Aylığı universitetin vizyonunu göstərən bir layihədir və son dərəcə önəmlidir. Bununla tələbələr yeni insanlarla tanış olur, fikirlərini bölüşür, hansı ki, gələcəkdə o həkimlərin yanına gedib praktika qazanmaq imkanları ola bilər. Yəni çox yaxşı təşkilati işdir. Həmçinin Naxçıvanı dünyaya tanıtmaq üçün də əla fürsətdir.
“Tələbələr məndə çox yüksək təəssürat yaratdılar. Sabah Azərbaycanın digər yerlərindən gələcək ürək cərrahlarına, kardioloqlara və buradakı kardioloqlara ürək cərrahiyyəsi ilə bağlı daha spesifik mövzulardan danışacağam. Sonrakı gün yenə universitetdə tələbələrlə təlimimiz davam edəcək. Qısası, bu proqramı çox yaxşı təşəbbüs hesab edirəm. Rektorla söhbətimiz də oldu, öyrəndim ki, Naxçıvan Dövlət Universitetində çox mühüm yeniliklər gözlənilir. Məsələn, tibb kampusunun layihələndirilməsi olacaq, bu, çox mühüm addımdır. Əlavə mənim diqqətimi çəkən bir fakt universitetdə əcnəbi tələbələrin olmasıdır. Universitetdə 2 mindən artıq əcnəbi tələbə təhsil alır. Bu da çox müsbət göstəricidir”, - deyə Cem Alhan əlavə edib.