azturkxeber.az
http://azturkxeber.az

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Almaniya Azərbaycanla diplomatik əlaqələr quran ilk Avropa dövlətlərindən olmuşdur"- KAMİLƏ ƏLİYEVA 

03-04-2025

  

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca dünyanın böyük və güclü dövlətləri ölkəmizlə siyasi, iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir.

 Avropa İttifaqına daxil olan bir çox dövlətlərlə Azərbaycan arasında sıx münasibətlər mövcuddur.  Artıq Qərbi Avropa dövlətləri  arasında  da ölkəmizlə siyasi, iqtisadi  əlaqələr  qurmaq istəyən ölkələrin sayı artmaqdadır. Bu baxımdan Almaniya Federativ Respublikası bu ölkələrdəndir. Almaniya ilə Azərbaycan arasında əlaqələrin tarixi kökləri mövcuddur. Hələ 1867-ci ildə Almaniya Azərbaycanda mis yataqlarının istehsal edilməsində, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsində böyük rol oynamışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Almaniya Azərbaycanla diplomatik əlaqələr quran ilk Avropa dövlətlərindən olmuşdur. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Beləki, Azərbaycanla Almaniya arasında 2020-2024-cü illərdə ticarət dövriyyəsinin ən aşağı həddi bir milyard ABŞ dollar üzərində olmuşdur. Bütün bunlara baxmayaraq Almaniyanın Azərbaycana qarşı siyasi baxışlarında fərqlilik sezilirdi. Burada əlbəttəki Fransa amili mühüm rol oynayırdı. Almaniya ilə Fransa arasında qarşılıqlı sıx əlaqələr buna öz təsirini göstərmişdir. Ancaq qeyd etmək lazımdır ki, Almaniya hər zaman Avropa İttifaqının iqtisadi güc mənbəyi hesab olunur.

Azərbaycan müasir dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü dövlətə çevrildikdən sonra Almaniya Azərbaycanla sıx əlaqələr qurmağa  təşəbbüs göstərdi.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana səfəri iki ölkə arasında iqtisadi, siyasi əlaqələri yeni mərhələyə yüksəldəcək. Səfər çərçivəsində Prezident cənab İlham Əliyev və Almaniya Prezidenti Ştaynmayer mətbuata bəyanatla çıxış etdilər. Görüşdə əsas məsələ kimi Azərbaycanla Ermənistan arasında münasibətlər, eləcə də Azərbaycanla Almaniya arasında iqtisadi, siyasi əlaqələrin gücləndirilməsi müzakirə olundu. Ölkə başçımız çıxışında həm Almaniya, həm də Avropa ictimaiyyətinin marağına səbəb olan bir sıra mesajlar verdi. Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin bu ilin yanvar-fevral aylarında təxminən 3 dəfə artması gələcəkdə iqtisadi əlaqələrin daha da yüksələcəyindən xəbər verir. Azərbaycanın Almaniyaya xam neft ixrac etməsi və Azərbaycanda istehsal edilən yaşıl enerjinin də gələcəkdə Almaniyaya ixrac edə biləcəyini nəzərə alsaq, demək olar ki, ölkəmiz Almaniyanın enerji təhlükəsizliyində də mühüm rol oynayacaq.

Prezident cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının təşəbbüskarının da məhz Azərbaycan olduğunu Almaniya Prezidentinin nəzərinə çatdırdı. Ermənistan isə dünyaya özünü sülhün tərəfdarı olduğunu nümayiş etdirsə də bu prosesi uzatmaq niyyəti güdür. Prezident cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, əgər Ermənistan sülh istəyirsə ilk növbədə ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanın təklifini  qəbul etməli və öz Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddiası maddəsini çıxarmalıdır. Ölkəmiz BMT-nin qətnamələrinə uyğun olaraq öz torpaqlarını hərbi və siyasi yolla azad etdi, bu həm də beynəlxalq hüququn bərpası oldu. Bu səbəbdən Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac qalmamışdır.

Almaniya Prezidenti Ştaynmayer çıxışında hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını və Almaniya dövlətinin Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etdiyini vurğulaması, düşünürəm ki, Azərbaycana qarşı olan bir sıra dövlətlərə də mesaj idi. Bu gün Almaniya da başa düşür ki, Azərbaycan dünya üçün çox önəmli bir ölkədir. Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə yaradılan nəqliyyat, loqistika infrastrukturu istər Avropa, istərsə də Asiya dövlətlərinin iqtisadi inkişafına böyük töhfələr verəcək. Düşünürəm ki, Almaniya da Orta Dəhlizin bir hissəsi olan Zəngəzur Dəhlizinin açılmasına maraqlıdır. Zəngəzur Dəhlizinin açılması Almaniyanın Asiya dövlətləri ilə iqtisadi, ticari əlaqələrinə böyük töhfələr verəcək. Bu da son dövrlər  zəifləyən Almaniya iqtisadiyyatının güclənməsinə böyük təkan verə bilər.

Bu görüş bir daha sübut edir ki, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın iqtisadi və siyasi güc mərkəzləri Azərbaycanla hesablaşır və bu siyasəti dəstəkləyir.

 

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930