Şuşada TDT-nin dini qurum rəhbərlərinin görüşü çərçivəsində ikitərəfli görüşlər keçirilib
İyunun 30-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev, Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov və Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, görüşlərdə TDT çərçivəsində birgə fəaliyyətin perspektivləri, ortaq mənəvi dəyərlərin qorunması, dini sahədə koordinasiyanın gücləndirilməsi, dini radikalizm və ekstremizmlə mübarizə, eləcə də müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub. Eyni zamanda, təşkilata üzv ölkələrdə dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına uyğun institusional əlaqə mexanizmlərinin formalaşdırılması ətrafında geniş fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı qardaş və tərəfdaş ölkələrin aidiyyəti dövlət qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq modelinin, müntəzəm təmasların və birgə layihələrin Türk dünyasında mənəvi birliyin daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb. Həmçinin Şuşada keçirilən Birinci görüşün davamlı dialoqun inkişafı və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu format üzv dövlətlər arasında qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir.
Nümayəndə heyətlərinin rəhbərləri tədbirin yüksək səviyyədə təşkilinə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qonaqlar toplantının TDT çərçivəsində institusional əlaqələrin yeni mərhələyə yüksəlməsi üçün mühüm platforma olduğunu, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin çoxtərəfli əməkdaşlığı yeni məzmunla zənginləşdirdiyini və imzalanmış Kommünikenin bu prosesə güclü təkan verəcəyini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




