azturkxeber.az
http://azturkxeber.az

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər

10-06-2026

Azərbaycan Fotoqraflar Birliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə həyata keçirdiyi “Obyektivdə zaman və memarlıq” layihəsinə yekun vurulub, müsabiqənin qalibləri mükafatlandırılıb.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan layihəyə aprel ayında start verilib.

Azturkxeber.az xəbər verir ki, tanınmış fotoqraflar tərəfindən Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin 30-dan artıq yuxarı sinif şagirdinə foto sənətinin təməl prinsipləri üzrə təlimlər keçirilib, onlara zəruri nəzəri və praktiki biliklər aşılanıb. Daha sonra iştirakçılara yeni Cəbrayılın bugününü əks etdirən fotoşəkillərin çəkilməsi ilə bağlı mövzular və tapşırıqlar verilib. Müəyyən edilmiş müddət ərzində münsiflər heyətinə 100-ə yaxın foto işi göndərilib.

Layihənin yekununda “Təbiət mənzərələri”, “Həyat tərzi” və “Zamanın memarı” kateqoriyaları üzrə təqdim olunmuş fotoşəkillər arasından seçilmiş və mükafata layiq görülmüş işlərdən ibarət sərginin Zəngilan Konqres Mərkəzində açılışı, həmçinin qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Fəxri qonaqlar tərəfindən münsiflər heyətinin qərarı açıqlanıb və üç nominasiya üzrə qaliblər elan edilib. Onlara və bütün digər iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu, idarə heyətinin üzvü Sücəddin Hüseynov və birliyin üzvü Fərhad Sultanov çıxış edərək şagirdləri təbrik ediblər.

Mərasimdə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin müsabiqədə iştirak edən yuxarı sinif şagirdləri və müəllimləri, Zəngilan və Cəbrayıl ictimaiyyətinin nümayəndələri, eləcə də Xidmətin əməkdaşları iştirak ediblər.

Müsabiqənin məqsədi şagirdlərin mobiloqrafiya vasitəsilə yaradıcılıq potensialını inkişaf etdirmək, məskunlaşdıqları əraziyə və onun mühitinə estetik baxış formalaşdırmaq, memarlıq irsini və müasir quruculuğu tanıtmaq, praktik foto bacarıqlarını inkişaf etdirmək, gənclərin şəhərsalma proseslərinə marağını artırmaq və yeni Cəbrayılın vizual arxivini yaratmaq idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930