“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC-də Söyüdlü (Zod) qızıl yatağı layihəsi üzrə aparılan işlərlə tanış olub.
Azturkxeber.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qafqaz regionunun ən böyük qızıl yatağı hesab edilən Zod yatağında dövlət şirkəti tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. O bildirib ki, 2025-ci ilin avqust ayından etibarən genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb, mövcud tarixi geoloji məlumatlar təhlil olunub. Eyni zamanda yatağın müasir metodlarla planlaşdırılması həyata keçirilib, topoqrafik xəritələr hazırlanıb, yataqda ümumi dərinliyi 9 min metrə çatan buruq-qazma işləri icra edilib. Zakir İbrahimov diqqətə çatdırıb ki, tədqiqat işlərinin nəticəsi olaraq Zod qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.
İdarə Heyətinin sədri vurğulayıb ki, yatağın resurs bazasının artırılması potensialı nəzərə alınaraq yaxın və uzaq cinahlarda intensiv kəşfiyyat işləri davam etdirilir.
Z.İbrahimov əlavə edib ki, Zod qızıl yatağının işlənməsi ölkənin dağ-mədən sənayesinin iqtisadiyyatda rolunun daha da güclənməsinə xidmət edəcək. Müasir texnologiyalar və beynəlxalq ekoloji standartlar əsasında yatağın gələcəkdə kompleks şəkildə istismara cəlb olunması regionun uzunmüddətli sosial-iqtisadi inkişafına, ölkənin qeyri-neft-qaz sektorunun tərəqqisinə müsbət təsir göstərəcək. Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılması, peşəkar kadr hazırlığının gücləndirilməsi, xidmət və logistika sahələrinin inkişafı, eləcə də yerli sahibkarlığın genişlənməsi üçün əlavə imkanlar yaranacaq.
Bəşir Hacıyev Kəlbəcər rayonunda dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq regionun zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində görülən işlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu baxımdan, Zod yatağının işlənməsi layihəsi rayonun sosial-iqtisadi inkişafına və məşğulluğun artırılmasına mühüm töhfə verəcək strateji layihə hesab olunur. Layihə işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyası və dayanıqlı məskunlaşma prosesinin dəstəklənməsi baxımından da mühüm rol oynayır. Layihənin həyata keçirilməsi Kəlbəcərin iqtisadi potensialının reallaşdırılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə əlavə imkanlar yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: