azturkxeber.az
http://azturkxeber.az

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

09-06-2026

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, Komitənin sədri Azər Əmiraslanov bildirib ki, iclasın gündəliyinə bir məsələ - ölkə Prezidenti tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Azər Əmiraslanov müzakirəyə çıxarılan qanun layihəsinin və hesabatın qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və formada Milli Məclisə daxil olduğunu, bununla bağlı Hesablama Palatası tərəfindən müvafiq rəyin hazırlandığını qeyd edib. O, ölkə Prezidentinin təşəbbüsü ilə ötən ildən dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı institusional xarakterli, eyni zamanda, rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılmasını əhatə edən, həm də səmərəli icra və nəzarət mexanizmlərinin yaradılmasını nəzərə tutan mühüm islahatlara başlanıldığını vurğulayıb. Komitə sədri dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların parlament müstəvisində də büdcə hesabatlılığının təkmilləşdirilməsinə töhfə verəcəyini söyləyib. Qeyd olunub ki, Azərbaycan Konstitusiyasında dövlət büdcəsinin təsdiq edilməsi ilə yanaşı, həm də onun icrasına nəzarət Milli Məclisin mandatı kimi müəyyən edilib. Parlament qarşısında büdcə hesabatlılığı mahiyyətcə büdcəyə nəzarətin həyata keçirilməsidir.

Komitə sədri bildirib ki, 2025-ci ilin dövlət büdcəsinin icrasına dair hesabat bu müddətdə ölkəmizin makroiqtisadi durumunu, dövlət büdcəsinin gəlir və xərclərinin icrasını, dövlət borclanması sahəsində vəziyyəti səciyyələndirən zəruri məlumatları özündə ehtiva edir. Ötən dövr ərzində müdafiə və təhlükəsizlik, əhalinin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə xərclərin maliyyələşdirilməsi prioritet istiqamətlər olaraq davam etdirilib.

Nəzərə çatdırılıb ki, büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə 1,4 faizlik iqtisadi artımla, 5,6 faizlik orta illik inflyasiya ilə, cari hesablar üzrə tədiyyə balansının 3,5 milyard ABŞ dolları səviyyəsində müsbət saldosu ilə müşayiət olunub, ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb. Qeyd olunub ki, hesabata əsasən, gəlirlər proqnoz rəqəmlərini üstələyib. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 % çox icra edilib. Dövlət büdcəsinin xərcləri proqnozun 93,2 %-i həcmində və ya 38,6 milyard manat icra edilib. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində təsdiq olunsa da, faktiki 580 milyon manat büdcə artıqlığı yaranıb.

Azər Əmiraslanov 2025-ci ilin büdcə zərfinin ölkənin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqlarımıza xidmət edən maliyyə sənədi olduğunu deyərək, ötən ilin büdcəsinin icrasının möhtərəm cənab Prezidentin mühüm strateji təşəbbüslərinin reallaşdırılması, dövlətin əsas funksiyalarının ardıcıl yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaratdığını, dövlətin müxtəlif sahələrdə əldə etdiyi uğurlara öz töhfəsini verdiyini vurğulayıb.

Sonra maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini və 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatı təqdim edib.

O, cənab Prezidentin rəhbərliyi altında 2025-ci ildə həyata keçirilən büdcə siyasətinin əsas istiqamətləri olaraq iqtisadi artımın davam etməsinin, makroiqtisadi sabitliyin, fiskal intizamın qorunmasının, büdcə qaydasına əməl edilməsinin, eyni zamanda, əhalinin rifahının, sosial tədbirlərin tam maliyyələşdirilməsinin, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsinin müəyyən edildiyini diqqətə çatdırıb. Komitə sədri iqtisadi artım baxımından xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafının, rəqəmsal texnologiyaların, innovativ tədbirlərin genişləndirilməsinin, real sektorun inkişafının sürətləndirilməsinin prioritet olduğunu bildirib.

Nazir ötən ilin əsas makroiqtisadi göstəriciləri ilə bağlı diqqətə çatdırıb ki, 2025-ci ildə ümumi daxil məhsul (ÜDM) 129,1 milyard manat, qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edib, xam neftin 1 barelinin orta illik qiyməti 71 ABŞ dollarına bərabər olub, orta illik inflyasiya 5,6%, manatın məzənnəsi 1,7 manat təsbit edilib, əhalinin nominal gəlirlərində 8% artım müşahidə olunub. Qeyd edilib ki, dövlət borcu ilin sonuna 26 milyard manata və ya illik ÜDM-in 20.1%-nə bərabər olub və bu, 2025-ci ilin əvvəli ilə müqayisədə ilin sonuna 1.6% azdır. Dövlət borcunun bu günə olan həcmi 24.1 milyard manata və ya illik ÜDM-in 18.4%-nə bərabər olub. Bu, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu ölkələrdən biri olduğunun bariz nümunəsidir. Borc portfeli ilin sonuna 17.8 milyard manat daxili dövlət borcundan, 8.2 milyard manat xarici dövlət borcundan ibarət olub. Strateji valyuta ehtiyatlarımız bu günə 88.4 milyard ABŞ dollarına çatıb. Dövlət Neft Fondundan büdcəyə transfert 8.5 milyard ABŞ dolları məbləğində icra olunub, dövlət büdcəsi profisitlə icra edilib.

Büdcənin icrasının əsas məqamlarından söhbət açan Sahib Babayev bildirib ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92% təşkil edir, 2029-cu ilə hədəf bu rəqəmi 100%-ə çatdırmaqdır. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55.2%-ə, icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28.7%-ə çatıb. O, xərclərin səmərəli və ünvanlı, müvafiq ehtiyaclara uyğun icra olunmasının təmin edildiyini deyib. Qeyd edilib ki, icmal büdcə xərcləri qeyri-neft ÜDM-in 48,4%-nə bərabər olub. Həmçinin, regionların büdcədən asılılığı daha da azalıb.

Bununla yanaşı, nəzərə çatdırılıb ki, icmal büdcə xərcləri 44.7 milyard manat məbləğində icra olunub. Həmçinin, cari xərclər 22,1 milyard manat, əsaslı xərclər 14.4 milyard manat, dövlət borclarına xidmətlə bağlı xərclər 2.1 milyard manat icra olunub, sosialyönlü xərclər isə 15.3 milyard manat və ya büdcənin 40%-ni təşkil edib. Son 5 ildə sosialyönlü xərclər 3,9 milyard manat artıb.

Funksional təsnifat üzrə bildirilib ki, ümumi dövlət xidmətləri üzrə xərclər 4.5 milyard manat məbləğində icra olunub, müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat yönəldilib, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər 2.9 milyard manat təşkil edib, təhsil xərcləri 4.6 milyard manat icra olunub. Səhiyyə xərcləri 1.3 milyard manat, icmal səhiyyə xərcləri 2,9 milyard manat olaraq icra olunub, sosial müdafiə və sosial təminat üzrə xərclərə dövlət büdcəsində 4.6 milyard manat, icmal büdcə çərçivəsində 10,7 milyard manat yönəldilib. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət növlərinə 527 milyon manat, mənzil və kommunal təsərrüfatı üzrə xərclərə 322.5 milyon manat, kənd təsərrüfatı üzrə 1.1 milyard manat, ətraf mühitin və təbiətin mühafizəsinə 374 milyon manat, iqtisadi fəaliyyətə 7.6 milyard manat vəsait yönəldilib.

Gəlirlər üzrə qeyd edilib ki, icmal gəlirlər 48 milyard manata bərabər olub, gəlirlərin ÜDM-də payı 37.2%, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55.2% olub. Dövlət büdcəsinin gəlirləri 39.2 milyard manat, bunun ÜDM-də payı isə 30.4% olub. Qeyri-neft sektoru üzrə gəlirlər 20.4 milyard manat və ya 52%, neft-qaz sektoru üzrə gəlirlər 18.8 milyard manat və ya 48% olub. Dövlət Vergi Xidmətinin xətti ilə 16,4 milyard manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 6,4 milyard manat daxilolmalar, Dövlət Neft Fondundan transfert 14.5 milyard manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar 679.7 milyon manat, sair gəlirlər 837.3 milyon manat dövlət büdcəsinin gəlirlərində icra olunub. Dövlət büdcəsinin profisiti 580 milyon manata bərabər olub.

İcmal büdcənin parametrləri barədə bildirilib ki, gəlirlər 48 milyard manat, o cümlədən qeyri-neft sektoru üzrə 26,5 milyard manat, neft-qaz sektoru üzrə 21.5 milyard manat məbləğində icra olunub. İcmal büdcənin xərcləri isə 44.7 milyard manat təşkil edib. İcmal büdcənin profisiti 3.4 milyard manata bərabər olub.

Sahil Babayev öz çıxışında 2025-ci ildə maliyyə sahəsində həyata keçirilən islahatlar barədə, o cümlədən dövlət maliyyəsinin səmərəli idarə edilməsi ilə bağlı tədbirlər, Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin təşkili, dövlət xəzinədarlığının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrinin gəlir və xərc smetalarının təhlili və dividend siyasətinin müəyyən edilməsi, Dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılması, müxtəlif büdcə xərclərinə dair normativlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə də məlumat verib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata dair palatanın rəyini təqdim edib.

Palata sədri ötən ilin dövlət büdcəsinin icrasına dair rəy hazırlanarkən istinad edilən göstəriciləri diqqətə çatdırıb. Qeyd edib ki, ÜDM-in proqnoz və fakt göstəriciləri demək olar ki, üst-üstə düşür. O, qanun layihəsinin və hesabatın ümumilikdə mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Ötən ilin dövlət büdcəsinin icrasının büdcə parametrlərinə, ölkənin strateji sənədlərinə uyğunluğu barədə ali audit orqanının mövqeyini diqqətə çatdıran Vüqar Gülməmmədov gəlir və xərc göstəricilərindəki məqamlardan bəhs edib.

Hesablama Palatasının sədri 2025-ci ildə büdcə vəsaitlərinin uçotunun və xərclərin təyinatı üzrə izlənilməsinin təkmilləşdirilməsi istiqamətində qanunvericilikdə mühüm dəyişikliklərin aparıldığını qeyd edib. Eyni zamanda, dəyişikliklərin tətbiqi mexanizmlərinin və uçot sisteminin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyinə toxunub.

Dövlət büdcəsi parametrlərinin düzgünlüyü və tamlığı ilə bağlı danışan palata sədri deyib ki, Hesablama Palatası tərəfindən 2025-ci ilin dövlət büdcəsinin icrasına dair rəyin tərtib edilməsi zamanı büdcə gəlirləri üzrə 37,7 milyard manat vəsait təhlillə əhatə olunub ki, bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,2 faizinə bərabərdir.

O, həmçinin Palata tərəfindən bu il ilk dəfə tətbiq olunan informasiya sistemi vasitəsilə qurumlar tərəfindən təqdim edilmiş məlumatların toplanması və emalının nəticələrini də diqqətə çatdırıb.

Çıxışında Vüqar Gülməmmədov ötən ilin dövlət büdcəsinin əsas gəlir mənbələri və sektorlar üzrə icra vəziyyəti, büdcə inzibatçılığının qiymətləndirilməsi və digər istiqamətlər üzrə palatanın apardığı təhlillər barədə geniş məlumat verib, ali audit orqanının bəzi tövsiyələrini diqqətə çatdırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Ziyad Səmədzadə, Əli Məsimli, Aydın Hüseynov, Rövşən Muradov, Əlibala Məhərrəmzadə sənədlə bağlı aparılan müzakirələrdə çıxış edərək rəy və təkliflərini bildiriblər.

Çıxışlarda Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatların ölkənin dayanıqlı inkişafına mühüm töhfə verdiyi, dövlət büdcəsində prioritet istiqamətlərin öz əksini tapdığı və büdcə xərclərinin məqsədyönlü şəkildə yüksək səviyyədə icra olunduğu vurğulanıb.

Maliyyə naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müzakirələrin sonunda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, komitənin üzvləri Müşfiq Cəfərov, Heydər Əsədov, Məşhur Məmmədov, Zaur Şükürov, aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930