Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib




Vyetnamın Baş prokuroru Nquyen Tiyen Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarını ziyarət edib.
Azturkxeber.az xəbər verir ki, Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.
Baş prokuror Kamran Əliyevlə vyetnamlı həmkarı arasında keçirilən görüşdə hər iki ölkənin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində dövlətlərarası münasibətlərin dinamik inkişafı vurğulanıb.
Görüşdə qeyd edilib ki, iki ölkə arasında dost münasibətlərin təməli hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə səfəri zamanı qoyulub. Münasibətlərin inkişafında 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfərinin mühüm rol oynaması xüsusi vurğulanıb. Həmçinin keçmiş SSRİ dövründə Azərbaycanda minlərlə vyetnamlının təhsil aldığı diqqətə çatdırılıb.
Bildirilib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Vyetnam əlaqələri dinamik inkişaf edib.
Xüsusilə, 2014-cü ildə Azərbaycanın dövlət başçısının Vyetnama, 2025-ci ildə isə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana reallaşdırdığı dövlət səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və etibarlı əməkdaşlıq səviyyəsinə yüksəlməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdə həmçinin, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Hanoy şəhərinə işgüzarı səfəri xatırlanmış, həmin səfərdə Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Bundan başqa, görüş zamanı iki ölkənin prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əmlakın bərpası, ətraf mühitin qorunması kimi prokurorluq fəaliyyətinin müxtəlif sahələrini əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.
Vyetnam Sosialist Respublikasının hüquq-mühafizə orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Müqavilə” layihəsi hazırlanıb və hazırda dövlətdaxili proseduralardan keçirilir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Nquyen Tiyen təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, habelə qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Görüşdən sonra qonaqlar Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: