Bakı–Tbilisi qatarı ilə Türkiyəyə səfər etmək mümkündürmü? – Rəsmi açıqlama

Sosial şəbəkələrdə və bəzi media resurslarında Bakı–Tbilisi qatarı vasitəsilə Türkiyənin müxtəlif şəhərlərinə birbaşa dəmir yolu ilə səfərin mümkün olduğu barədə məlumatlar yayılıb.
Azturkxeber.az xəbər verir ki, məsələ ilə bağlı ADY-ın məlumat xudmətindən bildirilib ki, Bakı–Tbilisi sərnişin qatarı yalnız Tbilisiyə qədər hərəkət edir. Hazırda Axalkalaki və Qars istiqamətində sərnişin daşımalarını nəzərdə tutan müntəzəm dəmir yolu marşrutu fəaliyyət göstərmir.
Qurum tərəfindən qeyd olunub ki, bu mövzuda məlumat yayımlanarkən rəsmi mənbələrə istinad edilməsi və məlumatların əvvəlcədən dəqiqləşdirilməsi vacibdir. Həmçinin ekspert və ya turizm sahəsi nümayəndələrinin açıqlamalarına əsaslanaraq qeyri-dəqiq məlumatların ictimaiyyətə təqdim edilməməsi tövsiyə olunur.
Qeyd edək ki, turizm sahəsi üzrə mütəxəssislərdən biri sırf qatarla səyahət etmək istəyənlər üçün Bakı–Tbilisi–Axalkalaki–Qars marşrutunun, daha sonra isə Türkiyədaxili qatar xətləri vasitəsilə Trabzon, Rizə və Hopa kimi Qara dəniz şəhərlərinə çatmağın mümkün olduğunu bildirib. Lakin rəsmi açıqlamaya əsasən, hazırda Bakıdan Qarsa birbaşa və ya müntəzəm sərnişin qatarı reysi mövcud deyil.
Beləliklə, Bakı–Tbilisi qatarı ilə Türkiyəyə birbaşa dəmir yolu səfərinin mümkün olması barədə yayılan məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: