azturkxeber.az
http://azturkxeber.az

Arkadağ şəhərində Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib

07-06-2026

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri qardaş ölkənin Arkadağ şəhərini də əhatə edir. İyunun 6-da Arkadağda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, maarif xadimi Seyid Əzim Şirvani (1835-1888) və tanınmış türkmən şairi Dövlətməmməd Azadinin (1695-1760) yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Azturkxeber.az xəbər verir ki, Dövlətməmməd Azadi adına Şəhər Kitabxanasında təşkil edilən konfransdan əvvəl tədbir iştirakçıları kitabxana ilə tanış olublar.

Konfrans Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov,

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor, Əməkdar mədəniyyət işçisi, Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri Kərim Tahirov və Türkmənistan ədəbiyyatşünasları çıxış edərək hər iki ədibin həyat və yaradıcılıq yolundan söz açıblar.

Qeyd olunub ki, XVIII əsr klassik türkmən ədəbiyyatının inkişafında, onun yeni məzmun və ideyalarla zənginləşməsində xidmətləri olan Dövlətməmməd Azadi təxminən 40 illik yaradıcılıq fəaliyyətində humanist duyğular carçısı kimi şöhrət qazanıb. Onun oğlu Məhtimqulu Fəraqi isə təkcə Türkmənistanda deyil, bütün Türk dünyasında böyük şöhrət qazanıb.

Bildirilib ki, Seyid Əzim Şirvani klassik qəzəl məktəbinin qüdrətli nümayəndəsi olmaqla yanaşı, XIX əsrdə Azərbaycanda maarifçi düşüncənin inkişafına mühüm töhfələr verib. O, eyni zamanda Azərbaycan şairlərinin tərcümeyi-halını və əsərlərindən nümunələri kitab (“Təzkirə”) şəklində nəşr etdirib.

Çıxışlardan sonra Azərbaycan və türkmən qiraətçiləri hər iki şairin şeirlərini səsləndiriblər.

Milli muğam üçlüyünün müşaiyəti ilə S.Ə.Şirvani və D.Azadinin qəzəlləri əsasında muğam və təsniflər ifa olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930