Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib
Kolumbiyanın Xarici İşlər Nazirliyi iyunun 5-də Kolumbiyada seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd etdiyini və bundan “dərin narahatlıq” duyduğunu ifadə edən rəsmi bəyanat yayıb. Sənəddə Xarici İşlər Nazirliyi Kolumbiya hökumətinin beynəlxalq hüquq prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyib.
Bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, nazirlik vurğulayıb ki, ölkənin siyasi gələcəyi ilə bağlı qərarlar “yalnız Kolumbiya xalqına məxsusdur” və bu qərarlar azad, suveren və demokratik səsvermə yolu ilə müəyyən edilir. Həmçinin bildirilib ki, xarici aktorların namizədləri və ya siyasi layihələri dəstəkləməyə və ya zərər vurmağa yönəlmiş hər hansı bəyanatı, fəaliyyəti Kolumbiyanın daxili işlərinə “yolverilməz müdaxilə” hesab olunur.
Bununla yanaşı, Kolumbiya hökuməti seçki prosesinin hüquqi dövlət prinsiplərinə, institusional qərəzsizliyə və vətəndaşların seçki nəticələrinə olan etimadına təsir göstərə biləcək hər hansı xarici müdaxilə olmadan keçirilməsinin vacibliyini bir daha vurğulayıb.
Bəyanatda nazirlik, həmçinin demokratiyaya, seçki institutlarının müstəqilliyinə hörmətə və BMT Nizamnaməsində təsbit olunmuş dövlətlərin suveren bərabərliyi prinsipinə dəstəyini bir daha təsdiqləyib.
Xarici İşlər Nazirliyi Kolumbiya institutlarının gücünü və sabitliyini, eləcə də Kolumbiya xalqının xarici təzyiqlər olmadan və hüquqi dövlət prinsiplərinə uyğun şəkildə öz siyasi taleyini sərbəst müəyyən etmək qabiliyyətini xüsusi vurğulayıb.
Kolumbiya hökuməti beynəlxalq aktorları davam edən prezident seçkiləri prosesində xalqların öz müqəddəratını təyin etməsi, daxili işlərə qarışmamaq və dövlətlərin suveren bərabərliyi prinsiplərinə uyğun olaraq “ehtiyatlı və məsuliyyətli” davranmağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: