Azərbaycan Dünya Çövkən Çempionatına Ev Sahibliyi Edəcək

7–13 iyun tarixlərində Azərbaycan Dünya Çövkən Çempionatına ev sahibliyi edəcək. Beynəlxalq çövkən ictimaiyyətini bir araya gətirəcək mötəbər yarışda dünyanın müxtəlif qitələrini təmsil edən 10 ölkənin milli komandası iştirak edəcək.
Azturkxeber.az-ın məlumatına görə, bir həftə davam edəcək çempionat çərçivəsində komandalar yüksək idman ustalığını, komanda ruhunu və rəqabət əzmini nümayiş etdirəcəklər. Yarışlar zamanı tamaşaçılar qədim çövkən oyununun dinamikasını və həyəcanını yaxından izləmək imkanı əldə edəcəklər.
Azərbaycanın zəngin milli-mədəni irsinin ayrılmaz hissəsi olan çövkən əsrlər boyu qorunub saxlanılmış, nəsildən-nəslə ötürülərək yaşadılmışdır. Bu gün isə çövkən beynəlxalq idman növü kimi inkişaf edərək müxtəlif ölkələri və xalqları ortaq dəyərlər ətrafında birləşdirən mühüm platformaya çevrilmişdir. Dünya Çövkən Çempionatı da qədim tarixi irslə müasir idman ənənələrinin vəhdətini nümayiş etdirən əlamətdar tədbir olacaq.
Çempionat çərçivəsində keçiriləcək yarışlar idmansevərlərə unudulmaz anlar bəxş etməklə yanaşı, Azərbaycanın atçılıq ənənələrinin və çövkən mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.
İdmansevərlər, atçılıq mədəniyyətinə maraq göstərənlər və beynəlxalq yarışların həvəskarları bu möhtəşəm idman tədbirinin iştirakçısı olmağa dəvət olunur. Dünya Çövkən Çempionatı Azərbaycanı bir daha beynəlxalq idman tədbirlərinin uğurlu təşkilatçısı kimi dünyaya təqdim edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: