azturkxeber.az
http://azturkxeber.az

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

06-06-2026

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Memarlıq və İnşaat Universitetində Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyinə həsr olunan tədbir keçirilib.

Azturkxeber.az-a verilən məlumata görə, tədbirdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, digər qonaqlar iştirak ediblər.

Tədbirin moderatoru, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Əcəmi Naxçıvanini orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət verən, dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirən böyük sənətkar kimi səciyyələndirib. Deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Diqqətə çatdırılıb ki, memarın 900 illiyi eyni zamanda 2024–2025-ci illər üzrə UNESCO-nun yubileylər proqramına daxil edilmişdi.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, professor Rahibə Əliyevanın “Əcəmi Naxçıvani və klassik Azərbaycan memarlığı” mövzusunda məruzəsi dinlənilib.

Qeyd olunub Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişində diqqətəlayiq yer tutur. Memarın yaradıcı dühasının məhsulu olan Möminə xatın məqbərəsi və Yusif Küseyir oğlu türbəsi türk-islam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilir.

Alim bildirib ki, Əcəminin yaratdığı sənət məktəbi sonrakı dövrlərdə Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrinin memarlığına da güclü təsir göstərib.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov “Səlcuq memarlığı və Əcəmi Naxçıvani” mövzusunda çıxış edib. Qeyd olunub ki, əgər Səlcuq memarlığı türk-islam memarlığının zirvələrindən hesab edilirsə, onun Azərbaycan qolunun ən böyük nümayəndəsi Əcəmi Naxçıvanidir.

Sonda məruzəçilər auditoriyanı maraqlandıran sualları cavablandırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930