azturkxeber.az
http://azturkxeber.az

Başlıq: Rövşən Tağıyev: “Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir”

05-06-2026


Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlili göstərir: ağır nəticəli qəzaların bir qismində sürücülərin yorğun və yuxulu vəziyyətdə sükan arxasında olması mühüm rol oynayır. Onun sözlərinə görə, bir çox sürücülər yuxululuğun yaratdığı riski lazımi səviyyədə qiymətləndirmir və mənzil başına daha tez çatmaq üçün hərəkəti davam etdirirlər. Halbuki yuxu hissi yarandığı andan etibarən sürücünün diqqəti, reaksiya qabiliyyəti və ətraf mühiti qiymətləndirmə bacarığı zəifləməyə başlayır.


Mütəxəssislərin qənaətinə əsasən, insan orqanizmi müəyyən yuxu rejiminə uyğunlaşır. Hər gün eyni saatlarda yatan insanlarda həmin vaxtlar yaxınlaşdıqca təbii yorğunluq və yuxululuq hissi yaranır. Bu səbəbdən xüsusilə gecə saatlarında, səhərə yaxın və insanın adətən istirahət etdiyi vaxtlarda sükan arxasında olmaq daha yüksək risk yaradır. İnsan özünü ayıq hesab etsə belə, orqanizm artıq istirahət rejiminə keçməyə başlayır.


Sükan arxasında yuxululuğa səbəb olan əsas amillər bunlardır:
kifayət qədər yatmamaq və yuxu rejiminin pozulması;
gecə və ya səhərə yaxın saatlarda avtomobil idarə etmək;
uzun müddət fasiləsiz hərəkət;
fiziki və psixoloji yorğunluq;
ağır qidaların qəbulu;
bəzi dərman preparatlarının təsiri;
havasız və isti salon şəraiti.


Sürücülər tez-tez əsnəmə, göz qapaqlarında ağırlıq, diqqətin yayınması, yol nişanlarının gec qavranılması və ya yolun bir hissəsinin xatırlanmaması kimi halları artıq ciddi təhlükə siqnalı kimi qəbul etməlidirlər.
Ən təhlükəli hallardan biri “mikroyuxu”dur. Bu zaman insan fərqinə varmadan bir neçə saniyəlik yuxuya gedir. Sürücü bunu sadəcə gözlərini qısa müddət yummaq kimi hiss etsə də, həmin an avtomobil onlarla, hətta yüzlərlə metr məsafə qət edə bilər. Bu isə yol hərəkətinə tam nəzarətin itirilməsi deməkdir.


Məsələn, saatda 90 kilometr sürətlə hərəkət edən avtomobil 4 saniyədə təxminən 100 metr məsafə qət edir. Bu müddətdə sürücü qarşısına çıxan maneəni, piyadanı və ya yol şəraitindəki dəyişiklikləri vaxtında görə bilmir. Nəticədə bir neçə saniyəlik diqqətsizlik belə ağır qəza ilə nəticələnə bilər.


Mütəxəssislər qeyd edirlər ki, belə hallarda musiqinin səsini artırmaq, pəncərə açmaq və ya qəhvə içmək kimi üsullar yalnız müvəqqəti təsir göstərir və problemi aradan qaldırmır.
Yuxululuq hissi yarandıqda sürücü:
təhlükəsiz yerdə dayanmalı;
avtomobildən düşüb qısa hərəkət etməli;
təmiz hava qəbul etməli;
imkan varsa 15–20 dəqiqəlik qısa yuxu və ya istirahət etməli;
başqa sürücü varsa, idarəetməni ona verməli;
yuxululuq keçmədiyi halda hərəkəti davam etdirməməlidir.


Qeyd olunur ki, ağır yol-nəqliyyat hadisələrinin bir çoxu “bir az da gedim” düşüncəsi ilə başlayır. Halbuki ilk yuxululuq əlaməti artıq ciddi təhlükənin başladığını göstərir. Vaxtında verilən düzgün qərar insan həyatını xilas edə bilər. Yolun sonunda qazanılacaq bir neçə dəqiqə heç vaxt insan həyatından daha dəyərli deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930