Vəkilliyə namizədlər üçün maarifləndirici seminar təşkil olunub




Vəkillər Kollegiyasına qəbul üzrə ixtisas imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərin peşə hazırlığının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda maarifləndirici seminar keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, iyunun 3-də baş tutan seminarda vəkillik fəaliyyətinə hazırlaşan 71 namizəd iştirak edib.
Seminar zamanı iştirakçılara prokurorluq orqanlarının hüquqi statusu, səlahiyyətləri və fəaliyyət istiqamətləri barədə məlumat təqdim olunub. Bildirilib ki, prokurorluq orqanları cinayət təqibinin həyata keçirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi, habelə qanunçuluğun və insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm vəzifələr yerinə yetirir.
Tədbir çərçivəsində namizədlər Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış müasir tədris və praktiki imkanlarla tanış olublar. Onlara kriminalistika laboratoriyasının fəaliyyəti, istintaq hərəkətlərinin aparılması üçün nəzərdə tutulmuş xüsusi tədris otaqları, hüquqi ədəbiyyat fondu ilə zəngin kitabxana, eləcə də Vətən müharibəsinə həsr olunmuş memorial qalereya barədə məlumat verilib.
Seminar iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: