AZPROMO Belarusda bir sıra görüşlər keçirib


AZPROMO-nun Belarusda keçirdiyi görüşlərdə Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı ticarətin artım potensialı müzakirə olunub.
Azturkxeber.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Minsk şəhərində keçirilən Belarus–Azərbaycan biznes forumu çərçivəsində Agentliyin nümayəndələri bir sıra görüşlər keçiriblər.
Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyində görüş
Belarusun antiinhisar tənzimlənməsi və ticarət nazirinin müavini Oleq Dikun ilə görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti, tərəfdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Azərbaycanın Belarusdakı Ticarət Evinin fəaliyyəti, Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və qarşılıqlı ticarətin artırılması imkanları müzakirə olunub. Bu istiqamətdə ixrac potensialı olan məhsullar üzrə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.
Belarus Ticarət və Sənaye Palatasının sədri ilə görüş
Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov ilə görüşdə biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, birgə tədbirlərin təşkili, sərgi və forumlarda qarşılıqlı iştirak imkanları nəzərdən keçirilib. Tərəflər bir-birini ölkələrində keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət ediblər. Bu kontekstdə Minskdə 30 sentyabr – 2 oktyabr tarixlərində keçiriləcək “İnnoProm” sərgisi və cari ilin sentyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: