Maliyyə naziri Sahil Babayev Dünya Bankının regional direktoru ilə iqtisadi şaxələndirmə və inkişaf məsələlərini müzakirə edib



İyunun 2-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azturkxeber.az-a verilən məlumata görə, görüşdə Dünya Bankı tərəfindən hazırlanmış “Azərbaycanda diversifikasiya və inkişaf” hesabatı təqdim olunub, sənədin əsas nəticələri və ölkəmizin iqtisadi şaxələndirmə prosesinə potensial təsirləri müzakirə olunub.
Nazir Sahil Babayev Dünya Bankı ilə tərəfdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edərək, əməkdaşlığın infrastrukturun modernləşdirilməsi, enerji keçidi, nəqliyyat bağlantılarının gücləndirilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və dövlət idarəçiliyinin inkişafı istiqamətlərində uğurla davam etdiyini bildirib.
Maliyyə naziri iqtisadi şaxələndirmənin Azərbaycan hökumətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, qeyri-neft sektorunun genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, insan kapitalının inkişaf etdirilməsi və rəqəmsal həllərin tətbiqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın gücləndirilməsinin əhəmiyyətinə toxunan S.Babayev dövlət maliyyəsinin idarə olunmasında müasir yanaşmaların tətbiqinin, fiskal intizamın möhkəmləndirilməsinin və qeyri-neft gəlirlərinin rolunun artırılmasının uzunmüddətli iqtisadi dayanıqlıq baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları, maliyyə xidmətləri və turizm sektorlarının inkişafı, habelə regional nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi ölkənin diversifikasiya siyasətinin əsas istiqamətlərindəndir.
Görüş zamanı dövlət müəssisələrinin korporativ idarəetməsinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması məqsədilə görülən işlər də nəzərdən keçirilib, monitorinq mexanizmlərinin gücləndirilməsi və fiskal risklərin effektiv idarə olunmasının vacibliyi vurğulanıb.
Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, özəl sektorun gücləndirilməsi, yaşıl inkişaf, enerji keçidi, rəqəmsallaşma, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insan kapitalının inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, Dünya Bankının Azərbaycanın uzunmüddətli inkişaf gündəliyinə dəstəyini bundan sonra da davam etdirəcəyini qeyd edib.
Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın və konstruktiv dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: