azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Həsən Həsənov - 85” adlı ənənəvi kitab sərgisi açılıb

19-10-2025

Milli Kitabxanada Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənovun anadan olmasının 85 illiyi münasibətilə “Həsən Həsənov - 85” adlı ənənəvi kitab sərgisi açılıb.

Sərgidə alimin elmi tədqiqatları, tarix elmimizə qiymətli töhfələr verən və geniş oxucu dairəsinin maraqla qarşıladığı dəyərli elmi-siyasi əsərləri, həyatı, elmi, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Həsən Əziz oğlu Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olub. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlib və Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırıb. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirib. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olub. 1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilib. Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının üzvü olub.

1960-1963-cü illərdə Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), Yasamal rayon Komsomol Komitəsinin katibi (1962–1965), Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri vəzifələrində çalışıb (1965–1966). 1966–1967-ci illərdə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturada elmi-tədqiqatla məşğul olub. 1967–1969-cu iliərdə AKP MK-da təlimatçı vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləyib. 1971-ci ildə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971–1975), şöbə müdirinin müavini (1975) vəzifəsində çalışıb.

1975–1978-ci illərdə Səbayıl Rayon Partiya Komitəsinin, 1978–1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin, 1979–1981-ci illərdə isə Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifələrində işləyib. 1981–1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi, 1983–1988-ci illərdə tikinti məsələləri üzrə katibi, 1988–1990-cı illərdə iqtisadiyyat məsələləri üzrə katibi vəzifələrində çalışıb.

1990-1992-ci illlərdə Nazirlər Sovеtinin sədri, Azərbaycan Rеspublikasının Baş naziri, 1992-1993-cü illərdə BMT-də (Nyu-York) Azərbaycan Rеspublikasının daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli Səfiri vəzifəsində çalışıb. 1993–1998-ci illərdə AR Xarici İşlər Naziri vəzifəsində işləyib. Həmin illərdə BMT və YUNESKO, İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik edib.

Həsən Həsənov 23 il arası kəsilmədən müxtəlif Parlamentlərin nümayəndəsi olub. 1977-1995-ci illərdə Azərbaycan Ali Sovetinin, 1979-1984-cü illərdə SSRİ Ali Sovetinin, 1995-2000-ci illərdə Milli Məclisin nümayəndəsi və Milli Məclisin Beynəlxalq əlaqələr üzrə Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Müstəqil Azərbaycanın ilk Əsas Qanununu hazırlayan Konstitusiya komissiyasının üzvü olub.

2004-cü ildə Bakıda "SSRİ-də milli təmayülçü hərəkat" mövzusunda namizədlik, 2006-cı ildə Tiflisdə "Tarixin fəlsəfəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, 2010-cu il mart ayının 30-dan 2021-ci ilədək isə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.

Həsən Həsənov elmi və bədii yaradıcılıqla da məşğul olub. O, Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir M.F.Axundovun həyat və fəaliyyətinə həsr edilmiş “Brüsseldən məktublar” pyesinin, “Tarixin hədəfi” (Tarixin fəlsəfəsi), “Nəriman Nərimanovun milli dövətçilik baxışları və fəaliyyəti”, “Türklüyümüz, Misir amuleti və ieroqlifləri Azərbaycanda” adlı monoqrafiyaların, “Azərbaycanın Avropaya inteqrasiyası”, “Qız qalası” əsərinin və məqalələr toplularının müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həsən Əziz oğlu Həsənov 1 sentyabr 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031