Xankəndi şəhərində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.
Panel müzakirənin məqsədi işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətlə məşğul olmaq istəyən fermer və sahibkarların mövcud dövlət dəstəyi alətləri barədə məlumatlandırılması, maliyyə və sığorta mexanizmlərinə çıxış imkanlarının artırılması olub.
Panel müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesin İnkişafı Fondu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, eləcə də “Unibank” və “Yelo Bank”ın nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı kənd təsərrüfatı sektorunda tətbiq olunan subsidiya və kredit mexanizmləri, fermerlər üçün əlçatan olan güzəştli maliyyələşmə imkanları və elektron müraciət prosedurları ətraflı izah olunub. Qeyd edilib ki, dövlət dəstəyi fermerlərin investisiya təşəbbüslərinin reallaşmasına, müasir texnologiyaların tətbiqinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verir.
Panel müzakirələrdə iştirakçılara həmçinin aqrar sığorta mexanizmləri, təbii fəlakət və risklər zamanı zərərlərin kompensasiya mexanizmləri, eləcə də sığorta proqramlarının tətbiq qaydaları, qida təhlükəsizliyi tələbləri, istehsal prosesində sanitar və texniki normalara riayət edilməsinin vacibliyi, məhsulun bazarlara çıxış imkanlarına təsir edən faktorlar barədə də barədə geniş məlumat verilib.
Panel müzakirələr sual-cavab formatında davam etdirilib, fermerlərin sualları cavablandırılıb, dövlət dəstək alətlərindən səmərəli istifadə yolları izah olunub.