Müasir Dəmir Yolu Şəbəkəsi: Rəqabətli gələcəyin inşası
Daha müasir, daha rəqabətli infrastruktur
Son dövrlərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, nəqliyyat sahəsində əməkdaşlıqların genişlənməsi, geosiyasi dəyişikliklər, sənaye liderlərinin alternativ marşrutlar axtarışı bu çağırışlara cavab verəcək dəmiryol infrastrukturunu labüd edir.
ADY son illərdə bir sıra mühüm infrastruktur layihələri icra edib:
“Azərbaycan Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı–Böyük Kəsik dəmir yolu xətti əsaslı təmir olunub;
2015–2017-ci illərdə magistral dəmir yolu xətlərinin 200 kilometrlik hissəsi əsaslı təmir olunub;
2017-ci ildə 8,3 kilometrlik Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi tamamlanıb;
Zirə Limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub;
2023–2024-cü illərdə Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən sonra ilk dəfə bərpa edilib;
2023-cü ildə Asiya İnkişaf Bankı ilə Şimal-Cənub dəhlizinin bir hissəsi olan Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb;
2024-cü ildə Azərbaycanın Astara rayonu ərazisində illik buraxılış gücü 0,5 milyon ton olan Astara Terminalı istifadəyə verilib;
2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin illik yükburaxma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb;
2025-ci ildə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tamamlanıb, rabitə və işarəvermə sistemləri yenidən qurulub. 2026–2027-ci illərdə isə layihənin sonuncu mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) dəyişən cərəyana keçid üzrə işlər həyata keçiriləcək. Bununla da Bakı–Böyük Kəsik xətti tamamilə bu sistemlə işləyəcək və Azərbaycanın dəmiryol infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək;
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 67%-i tamamlanıb. İki tuneldən birinin inşası başa çatdırılıb, ölkənin ən uzun dəmiryol tuneli olan digərində isə qazma işləri yekunlaşıb. Ümumilikdə Horadiz–Ağbənd layihəsi çərçivəsində 500-dən çox süni mühəndis qurğusunun tikintisi planlaşdırılır;
2025-ci ildə Bərdə–Ağdam dəmiryol xəttinin inşası başa çatdırılıb.