azturkxeber.az
http://azturkxeber.az

MEK-də akademik Mustafa bəy Topçubaşovun 130 illiyinə həsr olunmuş sərgi keçirilib

13-10-2025

Prezident İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi keçirilib. Sərgi Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasının və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.

MEK-dən bildirilib ki, sərgidə hər iki kitabxananın fondlarından M.Topçubaşovun kitabları, topluları, elmi məqalələri, ona həsr olunmuş nəşrlər, biblioqrafik vəsaitlər, eləcə də Azərbaycan Təbabəti Muzeyində saxlanılan orden və medalları, vəsiqə və diplomları, şəxsi portreti nümayiş etdirilib.

Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında qeyd edib ki, ötən günlərdə AMEA Rəyasət Heyətində akademik Mustafa bəy Topçubaşovun xatirəsinə həsr olunmuş yubiley tədbiri keçirilib. Onun sözlərinə görə, bu sərgi həmin tədbirin davamıdır. Direktor bildirib ki, sərgidə nümayiş etdirilən və MEK fondlarında mövcud olmayan nəşrlər yaxın zamanda elektronlaşdırılaraq oxucuların istifadəsinə veriləcək.

Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva Mərkəzi Elmi Kitabxanada belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edərək, birgə layihənin gerçəkləşdirilməsində əməyi olan hər kəsə, xüsusən də MEK rəhbərliyinə təşəkkürünü bildirib. O, çıxışında akademikin son biblioqrafik göstəricisinin hazırlanmasında MEK-in elektron resurslarından geniş faydalandıqlarını vurğulayıb və kitabxanalararası əməkdaşlığın oxuculara və tədqiqatçılara təqdim olunan imkanları daha da genişləndirdiyini qeyd edib.

Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyeva isə çıxışında M.Topçubaşovun Azərbaycan tibb elminin və maarifçiliyinin inkişafındakı xidmətlərindən, dünya tibb elminə gətirdiyi yeniliklərdən danışaraq onun adının və fəaliyyətinin yeni nəsillər üçün örnək olduğunu bildirib.

Çıxışlardan sonra qonaqlar və oxucular sərgiyə baxıblar. Daha sonra kitabxana ilə yaxından tanış olan qonaqlara MEK-in oxucu kartları təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031