azturkxeber.az
http://azturkxeber.az

“Azərişıq”: Peşə ustalığı yarışlarının final turunda 12 komanda iştirak edəcək

13-10-2025

“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika peşə ustalığı yarışları”nın regional turları başa çatıb. Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə keçirilən yarışda 2 komanda finalçılar sırasına adını yazdırıb.

ASC-dən bildirilib ki, 110/35/10 kV-luq “Ağ şəhər-2” yarımstansiyasında təşkil olunan sonuncu regional turun açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış zamanı bildirilib ki, yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədi daşıyır. Energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edir. Həmçinin mütəxəssislər “Azərişıq” ASC-nin 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələr haqqında informasiya qazanırlar.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Bakı RETSİ üzrə 15 komanda – “Abşeron RETSİ”, “Biləcəri ETSİ”, “Binəqədi RETSİ”, “Xətai RETSİ”, “Xəzər RETSİ”, “Qaradağ RETSİ”, “Maştağa ETSİ”, “Nərimanov RETSİ”, “Nəsimi RETSİ”, “Nizami RETSİ”, “Sabunçu RETSİ”, “Səbail RETSİ”, “Suraxanı RETSİ”, “Yasamal RETSİ”, “Zirə ETSİ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sual cavablandırıblar.

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən “Yasamal RETSİ” regional turun qalibi, “Xəzər RETSİ” isə ikinci yerə çıxaraq finalçılar sırasına adını yazdırıb. Beləliklə, ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda 11 region üzrə 12 komanda iştirak edəcək.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031