Uşaq ədəbiyyatı mövzusunda müzakirə aparılıb
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müasir uşaq ədəbiyyatının tanınmış simaları ilə gənclər arasında ədəbi müzakirə təşkil olunub.
Kitabxanadan bildirilib ki, tədbirdə çıxış edən direktor Şəhla Qəmbərova uşaq ədəbiyyatının inkişafında belə görüşlərin önəmini vurğulayıb.
Yazıçı Aygün Bağırlı uşaq ədəbiyyatının təbliğində müəlliflərin məsuliyyətindən, uşaqlara yönəlik əsərlərin tərbiyəvi və mənəvi dəyərlər aşılamasından danışıb. A.Bağırlı, həmçinin gənclərin ideya və təkliflərinə diqqət yetirərək müzakirəyə interaktiv ruh qatıb.
Tədbir çərçivəsində “Ədəbiyyat və onun insan həyatında rolu nədir?” və “Ədəbiyyat olmasaydı, həyat necə olardı?” kimi maraqlı suallar auditoriyaya ünvanlanıb.
Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlil ədəbiyyatın insan təfəkkürünün formalaşmasında mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, kəşfləri doğuran intuisiya, intuisiyanı formalaşdıran isə ədəbiyyatdır.
Müzakirədə iştirak edən tələbə gənclər ədəbiyyatın insanın mənəvi aləmini zənginləşdirdiyini, dil və empatiya bacarıqlarını inkişaf etdirdiyini, həmçinin təsəvvür dünyasını genişləndirdiyini vurğulayıblar.
Tanınmış pedaqoq-şair İbrahim Yusifoğlu çıxışında uşaq ədəbiyyatının təbliğində dövri mətbuatın əhəmiyyətindən danışaraq “Azərbaycan pioneri”, “Savalan”, “Göyərçin” kimi qəzet və jurnalların rolunu qeyd edib. Yazıçılar Mehriban Nağıyeva, Gülzar İbrahimova və Nurlana İşıq isə uşaq ədəbiyyatı nümunələrinin nəşri, mövcud problemlər və bu istiqamətdə nəşriyyatların fəaliyyəti haqqında fikirlərini bölüşüblər. Gülzar İbrahimova çıxışında uşaq ədəbiyyatının ilk təbliğatçılarının valideynlər olduğunu diqqətə çatdırıb.
Müzakirə zamanı, həmçinin Respublika Uşaq Kitabxanasının bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən kitabların süni intellekt texnologiyalarına əsaslanan videoicmalları barədə məlumat təqdim olunub. Tədbirin sonunda yazıçılar öz əsərlərindən seçilmiş nüsxələri gənc oxuculara hədiyyə ediblər. Tədbirin əsas məqsədi gənclərdə ədəbiyyata marağı artırmaq, müasir uşaq ədəbiyyatının inkişaf istiqamətlərini müzakirə etmək və yeni nəsil oxucularla yazıçıları bir araya gətirmək olub.