Aqrar Tədqiqatlar Mərkəzində təşkil olunan 1-ci Yay Təcrübə Proqramı başa çatıb
Aqrar Tədqiqatlar Mərkəzində təşkil olunan 1-ci Yay Təcrübə Proqramı uğurla başa çatıb. “Aqrar elmə doğru ilk addım” adlı proqramda ölkənin bir sıra təhsil müəssisələrinin tələbələri iştirak edib.
Mərkəzdən bildirilib ki, təcrübə proqramının məqsədi gənclərin aqrar sahə ilə bağlı biliklərinin artırılması, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərlə tanışlıq, mərkəzdə aparılan tədqiqat işlərində iştiraklarının təmin edilməsi olub.
Bu istiqamətdə 2 ay davam edən proqram çərçivəsində mərkəzin direktoru, direktorun müavinləri və müşavirləri, eləcə də digər əməkdaşları tərəfindən iştirakçılara Azərbaycanın kənd təsərrüfatının inkişaf tarixi, hazırkı vəziyyəti, aqrar sahədə dövlət siyasəti, kənd təsərrüfatı istehsalı, ərzaq təhlükəsizliyi, eləcə də analitik hesabatların hazırlanması, araşdırma və tədqiqatların aparılmasında əsas məqamlar, xətti proqramlaşdırma modellərinin aqrar sahədə tətbiqi, data analizi və digər sahələrdə təlimlər keçilib. Təlimlər ümumilikdə 16 mövzunu əhatə edib. Həmçinin proqram çərçivəsində iştirakçıların Kənd Təsərrüfatı Muzeyinə səfəri təşkil olunub.
Təlimlərin yekununda iştirakçıların proqram dövründə əldə etdikləri biliklərin qiymətləndirilməsi üçün konkret tapşırıqlar verilib. Bu tapşırıqlar əsasında iştirakçılar təqdimatlar hazırlayaraq təlimçilər və digər iştirakçılar qarşısında çıxış ediblər.
Sonda mərkəzin direktoru Rəşad Hüseynov tərəfindən Yay Təcrübə Proqramının iştirakçılarına proqramda iştiraklarına və uğurla başa vurmalarına dair sertifikatlar təqdim olunub.