Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq və əməkdaşlıq məsələləri müzakirə olunub
Oktyabrın 2-də Azərbaycan və Özbəkistan parlamentlərindəki qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.
Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin İntizam komissiyasının sədri, parlamentin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov görüşdə çıxış edərək Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Deputat qeyd edib ki, prezidentlərimiz arasındakı qardaşlıq münasibətləri və fəal siyasi dialoq sayəsində bu gün əməkdaşlığımız bir çox sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir. Yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyini deyən E.İbrahimov parlamentlərimiz arasındakı səmərəli əməkdaşlıq münasibətləri, parlamentarilərimizin beynəlxalq təşkilatlarda və digər platformalarda birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.
Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun həmsədrləri – senator Odiljon Mamatkarimov və deputat Alişer Kodirov dövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi, bu istiqamətdə parlamentlərimizin verə biləcəyi töhfələr barədə danışıblar.
Sonra hər iki tərəfdən parlamentlərarası əlaqələr üzrə qrupların üzvləri qanunvericilik orqanlarında dostluq qruplarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, parlament strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə düşüncələrini bildiriblər.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.