azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Akademik Bəkir Nəbiyev – 95” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

21-08-2025

Milli Kitabxanada ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevin anadan olmasının 95 illiyi münasibətlə “Akademik Bəkir Nəbiyev – 95” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə rəsmi sənədlər, akademik Bəkir Nəbiyevin əsərləri, tərtibçisi, redaktoru, rəyçi və məsləhətçisi olduğu, ön söz yazdığı kitablar, görkəmli elm xadimi, akademik Bəkir Nəbiyevin şəxsiyyəti və yaradıcılığı, elmi irsi haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Bekir_Nebiyev_95/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonunun Üçqovaq kəndində ziyalı ailəsində anadan olub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadlardan dərs alıb.

1960-cı ildə “Firidun bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını, 1970-ci ildə “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 1951-ci il 4 noyabr tarixli nömrəsində dərc edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb.

Akademikin “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1963), “Süngüyə çevrilmiş qələm” (1970), “Ədəbi düşüncələr” (1971), “Tənqid və ədəbi proses” (1976), “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” (1977), “Kamalın təntənəsi” (1981), “Söz ürəkdən gələndə” (1984), “Roman və müasir qəhrəman” (1987), “Özümüzdən başlayaq” (1990), “Didərgin şair” (1995), “Çətin yollarda” (2000), “İstiqlal şairi” (2001), “Xəzan vurmasın” (2006) və s. kitabları tənqid və nəzəri fikir tariximizin yarıməsrlik (1960-2010) dövrünü mərhələli surətdə əks etdirir.

Akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslığında elmi məktəb yaradıb, Azərbaycan filologiyasında mükəmməl “Bəkir Nəbiyev məktəbi”nin əsasını qoyub.

Bəkir Nəbiyevin zəngin fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, həmçinin “Şöhrət” və “İstiqlal” ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb. Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031