Əlilliyi olan 78 min nəfərə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-iyul aylarında əlilliyi olan 78 min nəfəri reabilitasiya xidmətləri ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 43 mininə ambulator, 18 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
Son illər agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s.) də tətbiq edilir.
Habelə əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.