Əlilliyi olan 63 min nəfərə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan 63 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 35 mininə ambulator, 14,3 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir. Həmçinin stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.