“Rehabus” layihəsi üzrə əlilliyi olan 2 min 100 nəfərə xidmət göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus” (“Reabilitasiya Avtobusu”) layihəsi çərçivəsində əlilliyi olan 2 min 100 nəfərə xidmət göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət edən layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan və rahat şəkildə çatmasını təmin edir.
Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Reabilitasiya proseduru bitdikdən sonra isə onlar geri qaytarılırlar.